Rəsmi Moskvadan erməni jurnalistə: “Siz bunu Azərbaycanla dəqiqləşdirin!”
24.03.2016 19:13 Dünyadan reaksiya 885
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini ürəkdən istəyir".
Reaksiya.info APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinq zamanı bildirib.
Brifinq zamanı erməni jurnalist XİN sözçüsünə Azərbaycan prezidenti İlham Əliyevin son çıxışlarından birindən sitat gətirib. Sitat ATƏT-in Minsk qrupunun destruktiv fəaliyyəti ilə bağlı olub. "Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyətini destruktiv adlandırıb. Rusiya Minsk qrupunun həmsədr ölkəsi kimi, Azərbaycan prezidentinin fikirlərinə münasibəti necədir?" - deyə jurnalist soruşub.
M. Zaxarova cavabında bildirib ki, söhbətin konkret olaraq hansı həmsədrdən getdiyini dəqiqləşdirmək gərəkdir: "Siz Azərbaycan tərəfi ilə hansı həmsədr ölkədən söhbət getdiyini dəqiqləşdirin. Biz öz ünvanımıza bunu götürə bilmərik. Uzun illər ərzində Rusiya səmimi və vicdanlı məqsədini sübut edib. Ürəkdən istəyirik ki, Dağlıq Qarabağ münaqişəsi həll olunsun".
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri üzərində iş gedir: “Hazırda səfər üzərində iş gedir. Səfərin tarixi və müzakirə olunacaq məsələlər Azərbaycan tərəfi ilə dəqiqləşdirilir. Dəqiqləşmə aparılandan sonra əlavə məlumat veriləcək”.
Şərhlər