İŞİD liderinin “Hacı İman” adlı müavini öldürüldü
25.03.2016 22:42 Dünyadan reaksiya 1102
ABŞ xüsusi təyinatlıları Əbdül Rəhman Mustafa Əl-Qadulini mühasirəyə salıblar.
ABŞ müdafiə naziri Eşton Karter Suriyada İŞİD terror qruplaşmasının liderlərindən biri olan, qruplaşmanın "ikinci adamı" Əbdül Rəhman Mustafa Əl-Qadulinin əməliyyat zamanı məhv edildiyini bildirib. ANS PRESS-in məlumatına görə, İraq vətəndaşı olan İŞİD liderinin müavini “Hacı İman” adı ilə məşhur olub.
Əbdül Rəhman Mustafa Əl-Qaduli və digər İŞİD terror qruplaşmasının üzvlərinin ABŞ xüsusi təyinatlı qüvvələrinin Suriyada səhər saatlarında keçirdiyi əməliyyat zamanı öldürüldüyü bildirilib.
Aparılan xüsusi əməliyyat zamanı adı açıqlanmayan əraziyə hərbi helikopterlə enən xüsusi təyinatlılar Əl-Qadulinin gəlişini gözləyiblər. Əl-Qaduli maşını ilə ərazidən keçən zaman hərbçilər onu pusquya salıblar. Əməliyyat zamanı onu sağ ələ keçirməyə çalışsalar da, silahlı müqavimətdən sonra xüsusitəyinatlılar onu və yanında olan bir neçə İŞİD üzvünü qətlə yetiriblər.
Qeyd edək ki, Əbdül Rəhman Mustafa Əl-Qadulinin başına 10 milyon dollar pul qoyulmuşdu. Onun yeri barədə məlumat verənə isə 7 milyon dollar vəd olunmuşdu.
Türkmən mənşəli olan Qadulinin hazırda İŞİD-in nəzarətində olan Mosul şəhərində doğulduğu bildirilir. Qaduli 2004-cü ildə İraqdakı “Əl-Qaidə” qruplaşmasına qoşulub. 2012-ci ildə İraq həbsxanasından sərbəst buraxıldıqdan sonra Suriya İŞİD qüvvələrinə qoşulub. İddiaya görə, bu yaxınlarda İŞİD lideri Əbu Bəkr əl-Bağdadi aviazərbə zamanı yaralanan zaman Əl-Qaduli müvvəqqəti olaraq qruplaşmaya başçılıq edib.
Şərhlər