“Yeni Müsavat”çılar Yunanıstandakı qaçqın düşərgəsindən yazır; Yemək növbəsi, paltar növbəsi... bir sözlə, yaşamaq növbəsi; “Biz uzaqlara gedəcəyik – dənizin o üzündəki cənnətə”
Bura Yunanıstandır... Afinadan yarım saatlıq yol məsafəsində yerləşən Pireus limanı... Suriyadan, Əfqanıstandan Avropaya köç etmək istəyən miqrantların müvəqqəti saxlandığı məkan. 1300-ə yaxın miqrantın çadırlarda qaldığı yaşayış yeri. Əgər buna yaşayış demək olarsa... Ətrafda ayaqyalın gəzən uşaqlar, yemək, geyim üçün uzun-uzadı növbələr... Çadırlara nəzarət edən polisləri, könüllüləri, həkimləri nəzərə alanda isə qosqoca insan selindən söhbət gedir.
BİR SƏHƏR, BİR LİMAN, BİR DƏ SƏN...
Kasıblıq, xəstəlik, əraziyə daxil olan hər yeni yabançıya zillənən ümid dolu baxışlar. Hamısı, amma hamısı Avropanın öz qapılarını onların üzünə açacağı günləri həsrətlə gözləyirlər. Avropa ölkəsi olmasına baxmayaraq, Yunanıstan onların seçimləri arasında deyil. “Almaniya” deyirlər, “Hollandiya” deyirlər, “Belçika” deyirlər... Yunanıstandan isə ancaq tramplin, mənzilbaşına çatmaq üçün növbəti dayanacaq kimi istifadə etməkdir niyyətləri.
Pireus limanında sərnişinlər üçün terminalda məskunlaşan qaçqıların həyatı isə olduqca ağırdır. “Yeni Müsavat”ın hadisə yerinə ezam olunmuş müxbirləri Yunanıstan ərazisində bir neçə qaçqın düşərgəsinin olmasından xəbərdar idi. Onlardan ən böyük və mühacirlərin daha çox olduğu düşərgə isə İdomenidə yerləşən idi. Bütün dünya mətbuatının, zaman-zaman siyasətçilərin, fotoqraflarının, bloqqerlərin, rejissorların, hətta Hollivud ulduzu Ancelina Colinin belə ziyarət etdiyi düşərgə barədə çox yazılıb. Biz isə gözdən, nəzərdən, diqqətdən daha uzaq qalan məkanı görməyi tərcih etdik. Çünki Afina aeroportundan bizi otelə aparan taksiçi də elə Pireus limanındakı düşərgəni nişan vermişdi. “Yunanıstanda bir neçə düşərgə var, amma ən ağır şərait bir İdomenidədir, bir də Pireusda... Afinaya ən yaxını Pireusdakıdır. Qalanları təhlükəlidir, təkbaşına gedilməz”.
İlin əvvəlindən etibarən Türkiyə üzərindən Yunanıstana gələn 1200 qaçqınla burlikdə Pireus limanında qalan mühacirlərin sayı 3 mini keçib. Onların sayı zaman-zaman azalır, arzuladıqları ölkələrə yol tapanlar olur, bezib geri qayıdanlar olur. Amma sayları aşağı-yuxarı eynidir. Əslində Yunanıstan hökumətinin qaçqınlar üçün hazırladığı saxlanma yerlərinə normadan artıq insan axını olduğu üçün Pireus limanı onların növbəti dayanacağı olub. Statistik məlumatlara görə, bu günə qədər Yunanıstana 62 minə yaxın miqrant daxil olub.
BİR ÇADIRDA 7 NƏFƏR - “YAŞAMAĞA MƏCBURUQ...”
Hazırda isə limanda 300-ə yaxın çadır var. Ailə üzvlərinin sayından asılı olaraq, hər çadırda üçbir-dördbir yaşayırlar. İlk dayanacağımız İraqdan gələn Şikeba Mirza ailəsinin çadırıdır. Ailənin xanımı deyir ki, içəridə 7 nəfərə yaxın adam yaşayır. Saxlanma şərtlərindən razı olmadıqlarını deyirlər: “Bəzən yerləşmək çətin olur. Amma neyləyək, məcburuq. Biz Avropada yaşamaq istəyirik”
Ətrafda çoxlu sayda ictimai ayaqyolu quraşdırılıb. Yemək üçünsə uzun-uzun növbələr var. Foto və videolardan da ümimi atmosferi görürsüz. Biz düşərgəyə daxil olanda paltar növbəsi vardı. Növbənin uzunluğu bir neçə metrə yaxınlaşırdı. Növbədə əsasən qadınlar dayanmışdı.
Könüllülər isə öz növbəsində ailələrə yardım etməyə çalışırdı. Balaca qaçqın balaları ilə oynayan kim, onları əyləndirməyə çalışan kim. Səyyar tibb məntəqələri də bir kənarda quraşdırılmışdı. Qızdırması qalxan bir balacanı atası qucağında məntəqəyə doğru daşıyırdı. Qaça-qaça, təlaşla...
Ətrafda polislər də gözə dəyir. Fotoaparatı onlara tuşladığımızı görüb, dərhal yaxınlaşırlar. “Olmaz, bizi çəkə bilməzsiz”... Əmr böyük yerdən, uzaqlaşırıq. Amma çəkilişə qadağa qoyan təkcə polislər olmur. Bəzi çadırlara yaxınlaşanda, hətta uzaqdan kameranı tuşlayanda da bənzər reaksiya ilə üzləşirik. “No, no!” deyib, əlləri ilə üzlərini qapayan miqrantların heç də hamısı barələrində xəbər yazılmasından, video çəkilməsindən məmnun deyillər. Ətrafda xarici medianın nümayəndələri də gözə dəyir. Bir neçə nəfərlik heyətlə gəlib, baş verənləri çəkirlər.
“BİZƏ ÇADIR VERMƏDİLƏR, 35 AVROYA ÖZÜMÜZ ALDIQ”
Miqrantlarla ünsiyyət yaratmaq asan başa gəlmir. Böyük əksəriyyəti ingilis dilini bilmir. Amma Suriyadan gələnlər türk dilini az-çox anlayır, danışmağa, fikirlərini anlatmağa qadirdilər. Ali adlı suriyalı və onun gənc həyat yoldaşı deyir ki, onlar Belçikaya getmək istəyirlər: “Mən həyat yoldaşımla tək qalıram çadırda. Qaynım öz uşaqları ilə başqa bir çadırda qalırlar. Uşağımız olmadığı üçün bizə çadır vermədilər. Uşağı olanlara verirlər. Bir çadır üçün 35 avro ödədik. Gedib kənardan aldıq”.
Gənc cütlük deyir ki, onlar miqrantlara verilən yeməkdən yemirlər, özləri mağazadan alırlar: “Bir dəfə sırada dayandım, dadı heç də yaxşı deyil. Özümüz gedib alırıq. İçəridə mağazalar çoxdur”.
Amma peşmançılıq öz sözünü deyir. Gənc xanım söyləyir ki, burda vəziyyətlərinin belə olacağını bilsəydi, gəlməz, Türkiyədə qalardı: “Bilsəm ki, burda vəziyyət belədir, niyə gələydim? Türkiyə bundan daha yaxşıdır. Geri qayıtmaq istəmirəm. Çünki o qədər yol qət etmişik. Mənim ailəm də Belçikadadır, onların yanında olmaq istəyirəm”.
“YUNANLAR KASIBDIR, BURDA QALMAQ İSTƏMİRİK”
Suriyadan gələn 40 yaşlı Cemal isə sadəcə üsyan edir: “Qapını açsınlar. Burda xəstələr var, yaşlılar var. Allah naminə, qapını açsınlar. Hər kəs pərişan. Yunanıstanda qalmaq istəmirik. Yunanlar kasıbdır. Almaniyaya getmək istəyirik. Ailəm də burdadır. Bir qızım var. Yemək verirlər, amma uzun-uzun növbələr var. Yemək də azdır. İnsanlar burda ac qalırlar. İçəridəki çadırlar soyuqdur, qaldığımız yer yaxşı deyil. Yağış yağanda pərişan oluruq, çadırın içi yaş olur. Amma geyim verirlər bizə, o yaxşıdır”.
Müsahibimiz deyir ki, əslində hər yerdə düşərgələr eynidir. Sadəcə Yunanıstanda müharibə yoxdur, ona görə də burda qalmaq daha təhlükəsizdir: “Suriyada həyat yaxşı deyil. Burda çadırdakı həyatım Suriyadan bir az yaxşıdır. Millət çoxdur burada. Yeganə fərq budur ki, burda müharibə yoxdur”.
“BİZ MİQRANTLAR PİS ADAMLAR DEYİLİK, SADƏCƏ MÜHARİBƏDƏN QAÇMIŞIQ”
Qaçqınlar bir-bir danışdıqca digərləri də cəsarətlənir sanki. Kameranın qarşısına keçmək istəyənlərin sayı artır. “Abla, mən də konuşummu?” deyə bir gənc yaxınlaşır. Salman adlı gənc Suriyadan Türkiyəyə, ordan da bura gəlib. Məqsədi Almaniyaya getməkdir: “Suriyada həyat yaxşı deyil. 5 ildir müharibə davam edir. Burda isə bizə baxılmır, əsasən uşaqlara baxırlar. Yemək isə yaxşı deyil. Almaniyaya getmək istəyirəm. Qohumlarım, sevgilim ordadır”.
Salman deyir ki, Avropada onlarla bağlı başlanan aqressiv kampaniya doğru deyil. Müsahibimin sözlərinə görə, miqrantlar arasında oğurluq edənlər də var, başqa kriminal əmələ əl atanlar da: “100 nəfərdən 2-si elə çıxırsa, bu, miqrantların pis adam olduğunu göstərmir. Biz pis adamlar deyilik, sadəcə müharibədən qaçmışıq”.
Çadır qonşusu Layla da narazılığını gizlətmir: “Rəzil oldum. Burda həyat yoxdur. Amma Türkiyə də çətindir. Avropaya getmək istəyirəm. Hər şey orda yaxşı olacaq, inanıram”.
BALACALARIN ÖZLƏRİ BOYDA ÜMİDLƏRİ VAR: “ABLA, BİZ GEDƏCƏYİK, ÇOX UZAQLARA...”
Türk dilini bilən balacalar da danışır. Ayşə deyir ki, yemək az verilir, doymurlar: “Mən atam, bacı-qardaşımla burda qalıram. Anam artıq Almaniyaya gedib. Mən də onun yanına getmək istəyirəm”.
Dünya gözəli bir balaca qız keçir böyrümüzdən. Dəniz mavisi gözləri, şabalıdı saçları, şipşirin gülüşü ilə. Keçir, gülümsəyir, əl yelləyir. Əynindəki tör-töküntülü geyimi, çirk, səfalət belə gözəlliyinə kölgə sala bilmir. Dünyanın özü qədər təzadlı bir mənzərə. Bir yanda aclıq, səfalət, çadırlarda keçən günlər, o biri tərəfdə özü boyda pozitiv bir balaca...
Bu da çadırın “pəncərə”sindən başını çıxaran üç bacı. Bağrına basıb, ağrısını azaltmaq istədiyin bir-birindən məsum, şirin, gözəl varlıqlar. Çantamdan iki meyvə çıxarıb vermək istəyirəm, böyük olanı etiraz edir: “Abla, istəməm, var bizdə...” Bu şərtlərdə, bu şəraitdəki uşağın qüruru, gözütoxluğu qarşısında sınıram. Özündən balacalar etiraz etmir, məcburən onun da inadı qırılır. Əli ilə uzaqları göstərir: “Biz gedəcəyik, bilirsən? Uzaqlara. Çox uzaqlara. Dənizin o tərəfinə...”
Az sonra qaranlıq düşür. Yemək növbəsi, paltar növbəsi... bir sözlə, yaşamaq növbəsi isə davam edir. Onlarsa hər açılan yeni sabaha, qaldıqları limandan ümidlə baxırlar. Dənizin o tayında xoşbəxt, qayğısız, gözəl bir həyatı gözləyirlər....
Şərhlər