Peskov "Su 24" qalmaqalını "süni bədbəxtlik" adlandırdı

26.03.2016 19:09     Dünyadan reaksiya     1079

İndi Rusiya Türkiyə tərəfi ilə hansısa əlaqələrə hazır deyil.

Rusiya və Türkiyə münasibətlərini nümunəvi adlandırmaq  mümkün idi. Amma "süni bədbəxtlik" oldu”.

ANS PRESS-in məlumatına görə, bu sözləri  Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dimitri Peskov deyib.

"Moskva Ankara ilə münasibətlərinin donunu açmağa həmişəki kimi hazırdır".

Onun sözlərinə görə, Ankara bu bədbəxtliyin müəllifidir.  “Yalnız o  baş verənlərin nəticələrini minimallaşdıra bilər. İndi Rusiya Türkiyə tərəfi ilə hansısa əlaqələrə hazır deyil”,- deyə Peskov bildirib.

Ümumilikdə, Rusiya rəsmiləri son bir neçə gün ərzində Türkiyə ilə bağlı ziddiyətli bəyanatlar verməyə başlayıb.

Daha əvvəl Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko da Rusiya - Türkiyə münasibətlərinə dair açıqlama verib. Matviyenko bildirib ki, Moskva Ankara ilə münasibətlərinin donunu açmağa həmişəki kimi hazırdır.

Valentina Matviyenko - Rusiya Federasiya Şurasının sədri
Valentina Matviyenko - Rusiya Federasiya Şurasının sədri

"İki ölkə arasında “buzların əriməsi” Türkiyə tərəfinin "Su-24" təyyarəsini vurması ilə əlaqədar öz məsuliyyətini etiraf etməsindən sonra mümkün ola bilər", - deyə Matviyenko bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Türkiyə və Rusiya arasında mövcud münaqişə müvəqqəti xarakter daşıyır.

Peskovun açıqlaması ilə digər rəsmilərin dedikləri arasında böyük ziddiyət var. Çünki Peskovdan fərqli olaraq, Matviyenko və Zaxarova Türkiyə ilə bağlı müsbət fikirlər səsləndirib. 

Ötən ilin noyabr ayından Rusiya ilə Türkiyə arasında  münasibətlər pozulub. Buna səbəb Rusiyaya məxsus "Su-24" hərbi təyyarəsinin Türkiyə ordusu tərəfindən vurulması olub. Türkiyə təyyarənin hava məkanını pozduğunu deyir, Rusiya isə bunu təkzib edir. 

Bu hadisədən sonra Rusiya Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq edib, birtərəfli qaydada viza rejimini bərpa edib. Vətəndaşlara Türkiyəyə səfərlərdən çəkinmək barədə çağırış olub. 

 

Şərhlər