Bako Saakyanın Londona dəvət olunması britaniyalı siyasətçilərin etirazına səbəb oldu

07.07.2015 13:46     Dünyadan reaksiya     1849

“Bako Saakyanın Londonda yerləşən “Chatham House” - Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçiriləcək tədbirdə nitq söyləmək üçün dəvət olunması heç bir məntiqə sığmır”.
 
APA-nın xəbərinə görə, bunu Böyük Britaniya Lordlar Palatasının üzvü, lord Kilklunu Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavab olaraq bəyan edib. O bildirib ki, əslində həmin tədbirə Ermənistanın işğalçılıq siyasəti nəticəsində məcburi köçkün düşmüş Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri dəvət olunmalı idi: “Məhz bu insanların mövqeyi daha çox önəm kəsb edir, nəinki onları öz yer-yurdlarından didərgin salanlar. “DQR” rejiminin başçısı Saakyan beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. “Chatham House”un bu dəvəti təşkilatın statusuna xələl gətirir və həmin şəxsə layiq olmadığı legitimlik səviyyəsini qazandırır. BMTTəhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı dörd qətnaməsi var və onlara əməl olunmasının vaxtı çatıb”.
 
Böyük Britaniya parlamentinin üzvü Stefan Hepbörn da Lord Kilkluninin fikirlərinə şərik çıxıb. S. Hepbörn bildirib ki, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın “Chatham House” İnstitutuna dəvət olunması yolverilməzdir. Onun qondarma rejimi dünyadakı heç bir dövlət tərəfindən tanınmayıb və Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsini tələb edən BMTTəhlükəsizlik Şurasının dörd qətnaməsinə hələ də əməl olunmur. “O, Böyük Britaniyada istənilmir və mən “Chatham House”dan xahiş edirəm ki, onu dəvət etmək məsələsi barədə yenidən düşünsün”, – deyə S. Hepbörn söyləyib.

 

Şərhlər

Çox oxunanlar