Misir təyyarəsini qaçıran şəxs təslim olub - YENİLƏNİB-6 - FOTOLAR
29.03.2016 15:58 Dünyadan reaksiya 1121
Misir təyyarəsini qaçıran şəxs təslim olub.
APA-nın məlumatına görə, Misir vətəndaşı olan Səif əl-Din Mustafanın danışıqlardan sonra Kipr hüquq-mühafizə orqanlarına təslim olduğu bildirilir.
***
saat 15.02
Misirə məxsus sərnişin təyyarəsini qaçıran şəxsin kimliyi məlum olub.
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, bu, Səif əl-Din Mustafadır.
S. Mustafa da alimdir. O, Qahirə Universitetinin tarix professorudur.
Bildirilir ki, S. Mustafan Misirdə həbsdə olan bir neçə qadın məhbusun azad edilməsini tələb edib. Kiprin RİK telekanalının verdiyi məlumata görə, təyyarəni qaçıran şəxs Misir hökumətinə müxalifətdədir.
Qeyd edək ki, artıq Misir hökuməti İbrahim Samahadan rəsmən üzr istəyib. İ. Samaha təyyarəni qaçıran şəxs kimi təqdim olunsa da, sonradan bu versiyanın yanlış olduğu üzə çıxıb.
Yayılan xəbərlər sırasında Kipr xüsusi təyinatlıların təyyarənin azad edilməsi ilə bağlı əməliyyata hazırlaşması da var.
*** 13.02
Qaçırılan Misir təyyarəsinin ekipaj üzvlərindən bir nəfər artıq təyyarəni tərk edib.
APA-nın məlumatına görə, təyyarəni qaçıran şəxsin ABŞ vətəndaşı olduğu açıqlanıb.
İ. Samaha İsgəndəriyyə universitetinin veterinariya fakültəsinin professorudur. Onun veterinar-həkim diplomu var.
O da məlum olub ki, İ. Samahanın 4 uşağı var. Dəqiqləşdirilməmiş məlumatlara görə, onlar İ. Samahanın keçmiş həyat yoldaşı Marina Parasxu ilə Kiprdə yaşayırlar.
Hadisə ilə bağlı bəyanat verən Kipr prezidenti Nikos Anastasiadis bütün bunların qadına görə baş verdiyini bildirib. O qeyd edib ki, təyyarənin qaçırılması terror aktı deyil.
Misir Xarici İşlər Nazirliyinin bəyanatında isə bunlar deyilir: “O (İbrahim Samaha-red.) terrorçu deyil, axmaqdır. Bu adamdan fərqli olaraq terrorçular dəli olsalar da, kütbeyin deyillər”.
*** 12.26
Qaçırılan Misir təyyarəsinin bütün sərnişinləri azad olunub.
APA-nın xəbərinə görə, təyyarənin ekipaj üzvlərinin taleyi ilə bağlı hələlik məlumat yoxdur.
“Al-Arabiya” telekanalı öz mənbələrinə istinadən bildirir ki, təyyarədə partlayıcı qurğu olmayıb. Hazırda təyyarəni qaçıran şəxslə danışıqlar aparılır. Avialaynerin olduğu əraziyə hərbçilər gətirilib.
Yunanıstanın “Proto tema” qəzeti isə İ. Samahanın keçmiş həyat yoldaşının hazırda aeroporta aparıldığı haqqında məlumat yayıb. Təyyarəni qaçıran İ. Samaha Larnaka aeroportunun rəhbərliyinə həmin qadınla görüşmək istədiyini bildirib. Qadının hazırda Kiprdə yaşadığı bildirilir.
"Burc-əl-Ərəb" aeroportunun rəhbəri təyyarəni qaçıran şəxsin Atlanta universitetində müəllim işlədiyini istisna etmir.
*** 11.37
Qaçırılan Misir təyyarəsinin ekipaj üzvləri və 4 sərnişindən başqa digər sərnişinləri azad olunub.
APA-nın məlumatına görə, bu barədə “Egypt Air” şirkətinin “Tvitter” hesabında yerləşdirilən xəbərdə deyilir.
Təyyarədə qalan sərnişinlərin hamısının əcnəbi olduğu bildirilir. Təyyarəni qaçıran misirli İbrahim Samaha kiprli sevgilisinə 4 səhifəlik məktubu çatdırmaq üçün bu addımı atdığını deyib.
O da məlum olub ki, İ. Samaha təyyarənin ekipajından İstanbula uçmağı tələb etsə də, pilot yanacağın azlığından bunu etməkdən boyun qaçırıb. Təyyarəni qaçıran şəxsin Kiprdən siyasi sığınacaq istədiyi də deyilir.
*** 11.29
Larnaka aeroportuna qaçırılan Misirin A320 təyyarəsindən artıq 50 nəfər buraxılıb.
APA-nın məlumatına görə, təyyarəni qaçıran şəxs qadınları və uşaqları azad edib.
Sərnişinlərin artıq təhlükəsiz yerdə olduğu bildirilir.
*** 11.16
Misirə məxsus A320 təyyarəsini qaçıraraq Kiprin Larnaka hava limanına enməsini tələb edən şəxs sərnişinlərin təyyarədən çıxmasına icazə verib.
APA-nın məlumatına görə, artıq 20 qadın və bir uşaq təyyarəni tərk edib.
Təyyarəni qaçıran şəxsin tələbinin nədən ibarət olduğu hələlik məlum deyil.
Kipr hüquq-mühafizə orqanları onunla danışıqları davam etdirir.
Qeyd edək ki, naməlum şəxs İsgəndəriyyədən Qahirəyə uçan, göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olan təyyarənin Cənubi Kiprin Larnaka hava limanına endirilməsini tələb edib.
Təyyarəni qaçıran şəxs bildirib ki, tələbi yerinə yetirilməsə, “şəhid kəmərini” işə salacaq.
Kiprin dövlət radiosu təyyarədə partlayıcı qurğunun olması barədə məlumat yayıb.
Şərhlər