İraq ordusu Əl-Fəlluca şəhərinə nəzarəti ələ keçirmək üçün əməliyyatlara başlayıb

07.07.2015 14:05     Dünyadan reaksiya     1797

İraq ordusu şiə qruplaşmalarının dəstəyi ilə İŞİD yaraqlıların nəzarətində olan Əl-Fəllucca şəhərini azad etmək üçün genişmiqyaslı əməliyyatlara başlayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ordu paytaxt Bağdaddan 69 kilometr məsafədə yerləşən və strateji əhəmiyyət daşıyan Əl-Fəlluccanın ətraf rayonlarına nəzarəti ələ keçirib və şəhəri mühasirəyə alıb. "Hizbullah" təşkilatının nümayəndəsi Cəfər Hüseyninin sözlərinə görə, İŞİD təchizat yollarından məhrum edilib.

İyunun 6-da İraq ordusu şəhərin şimal rayonlarına doğru irəliləsə də, burada güclü müqavimətə rast gəlib. Şəhərin girişlərinin birində dinamitlə dolu iki avtomobilin partladılması nəticəsində 20 şiə yaraqlısı və əsgər məhv edilib.

Ənbar əyaləti hökumət qüvvələri və İŞİD qruplaşması arasında gedən ağır döyüşlərin əsas arenasıdır. Əyalətin iki əsas şəhəri - onun administrativ mərkəzi Ramadi və Əl-Fəllucca hələ də İŞİD-in nəzarətindədir. Lakin İraq ordusu hər iki şəhəri tam mühasirəyə alıb və ağır bombardmana məruz qoyur.

Son zamanlar bölgədə humanitar vəziyyət daha da ağırlaşıb. Miqrasiya üzrə beynəlxalq təşkilatın məlumatına görə, bu ilin aprel ayından - əyalət uğrunda ağır döyüşlərin başladığı dövrdən may ayının ortalarına qədər 276 min insan Ramadi şəhərini tərk etmək məcburiyyətində qalıb.

Ötən ilin yay aylarından etibarən İraqın şimalında aktiv hücum əməliyyatlarına başlayan İŞİD qruplaşması hazırda ölkənin üçdə iki hissəsinə, Ənbar əyalətinin isə 80 faizinə nəzarət edir.

Şərhlər

Çox oxunanlar