İŞİD "5-lik" ölkəsini hədələdi

31.03.2016 10:17     Dünyadan reaksiya     844

Belçikanın paytaxtında çox sayda insanın ölümü ilə nəticələnən terror hadisəsindən sonra İŞİD terror qruplaşması ötən gün Avropanın ən böyüklərindən olan Almaniyanı hədələyib.
 
Anspress bildirir ki, terrorçular sosial şəbəkədə Almaniyaya aid bəzi fotoşəkillər paylaşaraq bu ölkədə terror hadisələri törədəcəklərini bildiriblər.
 
Fotoşəkildə Köln/Bonn aeroportu alovlar içində yanarkən görüntülənib və bir İŞİD silahlısı hava limanının yanmasına tamaşa edir. Fotoşəklin üstündə isə "Qardaşlarının Belçikada törətdiyini sən də edə bilərsən" yazılıb. 
 
Digər fotoşəkildə isə paytaxt Berlindəki Bundestaq binası alovlar içində göstərilib. Fotoşəkillər barədə İŞİD qruplaşmasının Almaniyadakı tərəfdarlarına "hədəf göstərilən binaları bombalayın" mesajı verdiyi bildirilir.   
 
"Rheinische Post" (RP) qəzetinin verdiyi məlumata görə, Almaniya dövləti sosial şəbəkələrdə paylaşılan hədələri ciddi qəbul edib və ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib.
 
Martın 22-də Belçikanın paytaxtı Brüsseldə 32 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi baş vermişdi. Teraktın məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü.

Şərhlər