Almaniyalı deputat: “Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ bölgəsindən çıxarılması prosesi çox gecikdirilib"

03.04.2016 23:08     Dünyadan reaksiya     1106

“Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ bölgəsindən çıxarılması prosesi çox gecikdirilib. Bu, azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz şəraitdə vətənlərinə qayıtmaları üçün zəruridir". 

 

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya daxil olan məlumata görə, bu barədə Almaniya Bundestaqının deputatı Mark Hauptmannın Dağlıq Qarabağ bölgəsində atəşkəş rejiminin pozulmasına dair bəyanatında qeyd olunub.

 

"Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumları keçmişdə bunu təkrar-təkrar bildirib və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını birmənalı olaraq tələb ediblər" deyə, bəyanatda xatırladılıb.

 

Sənəddə həmçinin Almaniya və Avropa İttifaqının Dağlıq Qarabağın işğal altında qalmasına qarşı çıxış etdikləri yada salınıb: "ATƏT-in Minsk Qrupunun qətnamələri, həmçinin, Birləşmiş Millətlər Təşkilatı, ATƏT vəAvropa Şurasının qətnamələri icra edilməlidir".

 

"Biz beynəlxalq partnyorlarımızla sülh prosesini açıq şəkildə dəstəkləyirik. Firavanlıq və inkişaf yalnız daimi sülh vasitəsi ilə təmin edilə bilər. Bu günlərdə hərbi silahlı toqquşmaların yenidən alovlanması bir daha göstərdi ki, münaqişə hər an yenidən alovlana bilər. Ona görə də regionda bütün tərəflər arasında həll yolunun tapılması üçün davamlı sülh prosesi çox vacibdir ” deyə M. Hauptmann qeyd edib. 

Şərhlər