Ermənistanda indi də su qiyamı başlayır
08.07.2015 11:36 Dünyadan reaksiya 1727
Ermənistanda "nisbi sakitlik" hökm sürsə də, vəziyyətin yenidən alovlanması, əhalinin meydanlara çıxması üçün yeni zəmin hazırlanır.
ANS PRESS-in məlumatına görə, enerji qiymətlərinin artırılması ilə bağlı başlayan etiraz aksiyalarının müvəqqəti də olsa səngidiyi bir vaxtda, indi yeni qalmaqallı hadisə yaşanır. İrəvanda istifadə olunan suyun qiymətinin artırılması yeni gündəm yaradıb.
Ermənistanın ictimai xidmətlərin nizama salınması üzrə Komissiyanın ötən gün keçirilən iclasında İrəvanda, paytaxtətrafı qəsəbə və kəndlərdə içməli suyun tarifləti ilə bağlı məsələyə baxılıb. İclasda həmin ərazilərdə suyun istifadəsinin yenidən tənzimlənməsi, su təminatının gücləndirilməsi və əhaliyə daha yaxşı su xidmətinin göstərilməsi üçün "İrəvan-cur" Qapalı Səhmdar Cəmiyyətinin tariflərini qaldırılması ilə bağlı təklifi müzakirəyə çıxarılıb. Qalmaqallı keçən müzakirələrin sonunda qərar qəbul olunub ki, suyun qiyməti 2,4 dram artırılsın və yeni qərarın bu il avqustun 9-dan qüvvəyə minməsi nəzərdə tutulub.
Ermənistanda suyun qiyməti ilə bağlı yeni etiraz dalğası gözlənilir.
Hazırda paytaxtın su istehlakçıları üçün qüvvədə olan tarif 1 kub üçün 170,256 dram təşkil edir.
Hökumət əhalinin başını aldatmaq üçün daha əvvəl bildirirdi ki, guya "İrəvan-cur" QSC-nin 2,4 dramlıq artım təklifindən imtina olunub. Ölkə vətəndaşları yenə aldadıldıqlarını söyləyirlər və məntiqli olaraq sual edirlər ki, necə imtina olunub ki, bu məsələ Tarrif Şurasının iclasına çıxarılır, hətta qərar da qəbul edilir.
"İrəvan-cur" QSC-nin baş direktoru Qor Qriqoryan bildirib ki, komissiyadan göndərilən məktubda qiymətin hazırki səviyyədə (1 kub metrə görə 170,3 dram) qalmasını tövsiyə edir, lakin iclasda bunun üzərinə 2,4 dram əlavə olunmasını məqsədəuyğun sayaraq buna qərar verdilər.
Şirkətə göndərilən məktubda deyilir: "Ötən doqquz il ərzində (2006 – 2015 il) paytaxtın su təchizatı sistemi haqqında "İrəvan-cur" QSC ilə icarə müqaviləsinə uyğun olaraq, görülən daimi təşəbbüslər nəticəsində elektrik enerjisinə xərclər 81% azaldılıb, içməli su ilə istehlakçıların təminatı, suayırmanın və yağış sularının təmizlənməsi xidmətlərinə görə tariflərin dəqiqləşdirilməsi üçün hesablamalar əhəmiyyətli amildir. Bu şəraiti nəzərə alaraq, şirkətə tarifi dəyişməz saxlamağı təklif edirik".
"İrəvan-cur" qiymətin artımı haqqında Tarif Şurasına hələ bu ilin fevralında müraciət edib. Buna səbəb kimi ölkədəki 3%-lik inflyasiyanı, həm də milli valyutanın dollar qarşılığında məzənnəsinin düşməsi göstərilib.
Komissiyanın mətbuat katibi Mariam Stepanyan bildirib ki, kommunal xidmətlərə qiymətlərin artması şəraitində istehlakçıların yükü yüngülləşdiriləcək. Təbii ki, bu sərsəm fikir vətəndaşların qəzəbinə tuş gəlib. İndi insanlar növbəti aksiyaya hazırlaşırlar.
Şərhlər