"Atəşkəs olunmasaydı, Azərbaycan irəliləyəcəkdi" - Türkiyədən şərh

07.04.2016 13:41     Dünyadan reaksiya     1051

"Atəşkəs elan edilməsəydi, Azərbaycan ordusu ermənilərin işğal etdiyi bölgələrdə irəliləyəcək və Türkiyə ilə Azərbaycan arasında Qazaxıstana qədər uzanan Türk dünyası koridoru açılacaqdı. Həm bu koridorun açılmaması, həm də Ermənistanın torpaq itirməməsi üçün atəşkəs elan etdilər".
 
Reaksiya.info Qaynar.info-ya istinadən xəbər verir ki, bu sözləri Sakarya Universitetinin professoru Ebubekir Sofuoğlu deyib.
 
Professor Rusiyanın məsələyə müdaxilə edərək atəşkəsə nail olmasını Azərbaycanın cəbhədə böyük üstünlük əldə etməsi ilə bağlayıb. Məhz bundan sonra ermənilərin işğal etdikləri əraziləri itirməməsi üçün Rusiya araya girərək atəşkəsə nail olub.
 
Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin rəhbəri, professor Gürkan Kumbaroğlu isə son gərginliyi bölgədəki enerji layihələri ilə bağlayır. Ekspert TANAP layihəsinə diqqət çəkib. Onun fikrincə, bu layihə işə düşəndən sonra Azərbaycan qaz ixracını 450 faiz artıracaq. 
 
Gürkan Kumbaroğlu Azərbaycan qazının Türkiyə üzərindən Avropa Birliyinə çatması ilə Dağlıq Qarabağ probleminin yenidən alovlanması arasında bağlılığın olduğunu bildirib: "Cənubi Qafqazdakı boru xəttləri Azərbaycan və Gürcüstanın gəlirlərini artırır. Amma Ermənistan kənarda qalır. Bu Cənubi Qafqazda yaranan gərginlikdə Ermənistan üçün təkbaşına səbəbdir. Azərbaycanla Türkiyə arasında illik 7 milyard kubmetr qaz ixracı var. TANAP layihəsi ilə bu 2026-cı ildə 31 milyard kubmetrə çatacaq. Bununla da Avropa Birliyinin Rusiyadan enerji asılılığı azalacaq, qiymətlər ucuzlaşacaq. Müharibə TANAP-ın keçdiyi ərazilərə sıçrasa, o zmman problemə Rusiya və Türkiyə də tərəf olmağa başlayacaq".

Şərhlər