Erməni mediası yenidən Əli Kərimlinin fikirlərindən manşet xəbəri verdi - FOTO
12.04.2016 13:24 Dünyadan reaksiya 1191
Ermənistanda fəaliyyət göstərən ru.1in.am saytı yenidən AXCP sədri Əli Kərimlinin çıxışından sitat gətirərək manşet yazısı verib.
Yazının başlığı belədir: "Milyard dollarlar israf etmiş ordu bu qədər itki verməməliydi - Azərbaycan müxalifəti".
Xəbərdə bildirilir ki, Azərbaycanın əsas müxalifət partiyası olan AXCP-nin lideri Əli Kərimli silahlanmaya on milyardlarla dollar pul sərf etmiş ordunun bu qədər, 100 nəfərə yaxın itki verməməli olduğunu deyib. Erməni saytı bu sözlərin "Azadlıq" qəzetində yazıldığını qeyd edib.
Sayt yazır: "Əli Kərimli itkiləri əks etdirən gerçək rəqəmlərin xalqdan gizlədilməsindən narazılığını bildirib və qeyd edib ki, onlar bu rəqəmləri sosial şəbəkələrdən və jurnalistlərdən dəqiqləşdirməyə məcburdurlar".
"Beləliklə, hakim Yeni Azərbaycan Partiyası bir daha göstərdi ki, onun üçün prioritet məsələ Qarabağ deyil, öz hakimiyyətinin qorunub saxlanmasıdır", - deyə erməni saytı AXCP sədrinin ifadələrinə yer verib.
Qeyd edək ki, bundan əvvəl erməni saytları bir neçə dəfə Əli Kərimlinin Qarabağ cəbhəsində hərbi əməliyyatların şiddətlənməsi ilə əlaqədar sosial şəbəkədə yazdığı və peşəkar mediada dərc olunan fikirlərindən sitatlara yer vermişdi. Əli Kərimli düşmən mediasının fikirlərinə məmnuniyyətlə istinad etdiyi yeganə müxalifətçidir.
Onu da bildirək ki, AXCP sədrinin üzərinə hücumlar məhz bu çıxışlardan və həmin sitatların erməni mediasında yer almasından sonra başlayıb.
(Musavat.com)
Şərhlər