“Madrid prinsipləri”: hələ ermənilərə bu qədər sərf edən təklif irəli sürülməmişdi...
14.04.2016 00:05 Dünyadan reaksiya 1303
Qarabağda 4 günlük müharibə həm də Rusiyanın misli görünməmiş diplomatik-siyasi fəallığı ilə yadda qaldı. Kreml uzun müddətdir dayanan danışıqlar prosesini bərpa etmək üçün intensiv diplomatik səylər göstərib və hansısa “Lavrov planı” üzrə müzakirələrə başlamaq üçün tərəflərə güclü təzyiqlər edib.
Bu plan haqda məlumat yoxdur, ancaq ehtimal edilir ki, söhbət “Madrid prinsipləri”nin, yəni Dağlıq Qarabağa yekun hüquqi statusu müəyyən etmək üçün referendum keçirmək hüququnu tanıyan sənədin redaktələr edilmiş yeni variantıdır. Kremldəki mənbə “Kommersant”a bildirib ki, Moskva bu sənədin müzakirəsi üçün Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırdır.
Lakin Ermənistanın danışıqlar masası arxasına qayıtmasına və konstruktiv mövqe nümayiş etdirəcəyinə dair ehtimallar olduqca aşağıdır. Bununla belə ehtimal edilir ki, hər halda Ermənistan rəhbərliyi Rusiyanın danışıqlarn bərpa edilməsinə yönəlmiş təzyiqlərinə cavab verməli olacaq. Hərbi əməliyyatların dayandırılmasından sonra prezident Serj Sərkisyan eks-prezident Levon Ter-Petrosyanın evinə gedib onunla Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə etdi. Bu görüşün məqsədi haqda danışan Ter-Petrosyan erməni cəmiyyətini və bütün müxalif qüvvələri Sərkisyana dəstək verməyə çağırdı. Eks-prezident bildirdi ki, Sərkisyan danışıqlarda güclü mövqe nümayiş etdirmək üçün dəstək hiss etməlidir.
Belə görünür ki, Sərkisyanın Ter-Petrosyanla görüşü 5 rayonun birinci mərhələdə qaytarılmasını nəzərdə tutan nizamlama paketinə dair Rusiyanın təzyiqlərinə qarşı müxalifətdən dəstək almaq məqsədi daşıyırdı. Və belə dəstək üçün Ter-Petrosyana müraciət edilməsi də təsadüfi deyildi. Ter-Petrosyan məhz Qarabağa görə devrilib, mərhələli həll variantına razılıq verməyə hazır olduğuna görə Robert Köçəryan və digər qarabağlı səhra komandirləri onu silah gücünə hakimiyyətdən uzaqlaşdırıblar. İndi Sərkisyan ərazilərin qaytarılmasına imza atıb Ter-Petrosyanın aqibətini yaşamaq istəmir. Hərçənd ki, 1996-cı ildə təklif edilən sülh planı ilə indiki “Madrid prinsipləri”nin arasında ciddi fərqlər var. Sonuncu sənəd Dağlıq Qarabağda yekun statusun referendumla müəyyən edilməsini nəzərdə tutur.
Və maraqlıdır ki, Ter-Petrosyan özü statusun gələcəkdə danışıqlar yolu ilə müəyyən edilməsini nəzərdə tutan “mərhələli həll”ə razılıq verdiyi halda indi Ermənistan üçün ondan daha sərfəli olan “Madrid prinsipləri”nə qarşıdır.Ter-Petrosyan bu sənədin gündəmə gəlməsinə görə keçmiş prezident Robert Köçəryanı günahlandırıb.
Onun ittihamlarına Köçəryan cavab verməyib. Ancaq Köçəryanın komandasının üzvü, o vaxtkı xarici işlər naziri Vardan Oskanyan deyib ki, erməni tərəfi heç vaxt “Madrid prinsipləri”inə razılıq verməyib. Köçəryanın hakimiyyəti dövründə bu sənəd bir sıra qeydlərlə danışıqlar üçün əsas kimi götürülüb. “Məqsəd isə sonrakı danışıqların gedişində onun əsasında erməni tərəfi üçün daha sərfəli təkliflərə nail olmaq idi”-Oskanyan bildirib.
Vardan Oskanyanın sözlərinə görə, hazırda həmin sənəd erməni tərəfi üçün Qarabağ nizamlanmasına dair bu günə qədər irəli sürülmüş “ən sərfəli” variantdır. O, xatırladıb ki, indiyədək danışıqlarda Qarabağa dair cəmi 6 sənəd irəli sürülüb. Bunlar 1994-cü ildə atəşkəsin əldə edilməsindən sonra irəli sürülən “Rusiya təklifi”, Minsk Qrupu həmsədrlərinin 1997-ci ildə irəli sürdükləri mərhələli həll və paket həll variantları, Yevgeni Primakovun irəli sürdüyü “ümumi dövlət” modeli, Ki-Uest sənədi və nəhayət Madrid prinsipləridir.
“Bu təkliflərin hamısı tam və ya qismən ayrı-ayrı vaxtlarda erməni KİV-lərində dərc edilib. Onlarla tanış olmaq və nəticə çıxarmaq mümkündür”-Oskanyan bildirib.
Keçmiş xarici işlər nazirinin sözlərinə görə, Ter-Petrosyanın çağırışının ən həyacanlı tərəfi budur ki, o hamını Qarabağ münaqişəsinin qızışdığı bir vaxtda hakimiyyətin ünvanına iradlardan çəkinməyə çağırır. “Əslində isə isə biz hakimiyyətdən yol verilən səhvlərə və əldən braxılan fürsətlərə görə hesabat tələb etməliyik”-o deyib.
Ermənistan KİV-ləri xəbər verir ki, keçmiş prezident Robert Köçəryan Qarabağdakı döyüşlərdən snra Rusiyadan İrəvana qayıdıb. Ancaq deyib ki, Qarabağ məsələsinə görə Sərkisyanla görüşmək və ona dəstək vermək fikri yoxdur. Köçəryanın fikrincə indi ordunun döyüş qabiliyyəti və buraxılmış səhvlər barədə fikirləşmək lazımdır. Məlumatlara görə Köçəryan əsas qüvvəsini 2018-ci il seçkilərinə hazırlığa yönəldəcək və yəqin ki, keçmiş səngər yoldaşını, indi isə əsas siyasi düşmənini hakimiyyətdən devirmək üçün Qarabağ kartından da fəal istifadə edəcək.
Virtualaz.org
Şərhlər