“Ermənistan ordusunda üsyan başlanır” - Erməni ekspertlər
18.04.2016 14:22 Dünyadan reaksiya 1181
Ermənistan prezidenti Serj Sarkisyanın sədr olduğu, ölkənin iqtidar siyasi təşkilatı olan Ermənistan Respublika Partiyasının (ERP) Ali Şurasının qapalı iclası keçirilib. İclasa müdafiə naziri Seyran Ohanyan da dəvət olunub.
Milli.az-ın yaydığı məqalədə rəsmi İrəvanda illər əvvəl qəbul olunmuş və az qala rutin prosedur təsiri bağışlayan "toplantısonrası" brifinq keiçirilmədiyi maraqla qeyd olunur. Jurnalistlər də toplantıda nədən danışıldığını, nələrin müzakirə mövzusu olduğunu dövlət mənsublarından eşitməyiblər.
Sadəcə, ERP-nin parlament fraksiyasının rəhbəri Vahram Baqdasaryan "Seyran Ohanyan toplantıda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən bəhs etdi" söyləməklə işini bitmiş sayıb.
Seyran Ohanyanın bu toplantıya qatılması qəfil, hətta qeyri-adi məsələdir. Çünki Ermənistan prezidenti Serj Sarkisyanın mühüm məsələlərlə bağlı ətrafındakı adamlarla müzakirələr keçirmək adəti yoxdur. Xüsusilə də ERP rəhbərliyini bir araya gətirərək bağlı qapılar arxasında toplantı keçirilməsi İrəvanda bəlkə də ilk olaydır və ermənilərin daxili siyasəti üçün presedent sayıla bilər.
Bu toplantı Sarkisyanın özünü narahat hiss etməsi, ERP üçün real təhlükənin yarandığını duyması kimi də dəyərləndirilə bilər.
Daha konkret olsaq, Dağlıq Qarabağ münaqişəsi zonasında "dördgünlük savaş" Ermənistan rəhbərliyinin indiyədək səsləndirdikləri şüarların əsassızlığını, təbliğatın yalanını, rəsmi İrəvanın xalqa verdiyi vədlərin heç birinə əməl etmədiyini göstərdi. Erməni müxalifətçilər də etiraf edirlər ki, aprelin 1-dən 5-dək olan hərbi əməliyyatlar İrəvanın biabırçı məğlubiyyəti ilə başa çatdı.
"Dördgünlük müharibə" günlərində Ermənistanda iqtidarda olan ERP rəhbərliyindən kimsə şərhlər və ya açıqlamalarla çıxış etmədi, partiyanın bəyanatları gözə dəymədi və eşidilmədi, Serj Sarkisyan isə baş verənlərlə bağlı yekun mövqeyini ermənilərə bildirmədi.
S.Sarkisyan bir-iki görüşdə danışdı, bəyanatlar verdi, amma bu açıqlamalar bir-biri ilə elə ziddiyyət təşkil edirdi ki, ekspretlər belə, çaş-baş qaldılar.
Ermənistan hakimiyyətində aşkar təşviş var və bunu erməni mediası yazır.
"Ölkəmizin hərbi-siyasi rəhbərliyi nə edəcəyini bilmir. Vahid mövqe, bitkin siyasi xətt yoxdur. Aprelin 5-dəki atəşkəs isə Sarkisyan rejiminin vəziyyətini daha da ağırlaşdırdı. Ölkə rəhbərliyi "əks-hücum"dan, "itirilmiş mövqelərin geri qaytarılması"ndan danışsa da, Rusiyanın qəzəbli əmrindən sonra onlar lal oldular, başlarını aşağı saldılar. Ermənistan rəhbərliyi hətta siyasi mövqelərindən geri çəkildi, bəyanatlarını unutdu", - İrəvandakı "Çorrord Hişxanutyun" yazır.
"Haykakan Jamanak" isə hesab edir ki, Ermənistan prezidenti Serj Sarkisyan indi məğlubiyyətini və uğursuz qərarlarını pərdələməyə, zahirən nikbin açıqlamalarla ört-basdır etməyə çalışır.
Rəsmi İrəvanı narahat edən, qorxudan digər məsələ ermənilər arasında anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsi, xalq kütlələrinin etiraz dalğasının nəzarətdən çıxmağa başlamasıdır.
İrəvan "qələbə"dən danışsa da, ermənilər məğlub olduqlarını anlayırlar.
"1in.am" bu gün redaksiya məqaləsində yazıb: "Dağlıq Qarabağdakı hərbi əməliyyatlar ölkəmizin və xüsusilə də ordumuzun mövqelərinin zəifliyini göstərdi. Məsələn, döyüş zamanı nə üçün mövqelər arasında əlaqə normal deyildi, niyə kəşfiyyat yox idi, nə üçün hərbçilərin irəliləyişi olmadı, əsgərlər niyə ən adi hərbi texnika və inventardan məhrumdular, orduya ayrılan pulları kim oğurlayıb, o pullar kimin cibinə gedib?! Suallar çoxdur, amma Serj Sarkisyan hakimiyyəti bu sualların, hələ ki, heç birinə cavab verməyib. Sarkisyan, çox yəqin ki, bütün bu rəzaləti yalançı vətəprəvərlik pafosu, erməni əsgərlərinin "xaruqəldə qəhrəmanlığı" barədə rəvayətlərlə pərdələməyə çalışacağını, bu minvalla da niyyətinə çatacağını düşünürdü. Amma alınmadı, erməni xalqı hakimiyyətin şərəfinin, ləyaqətinin və məsuliyyətinin nə olduğunu gördü".
Ermənistan hakimiyyəti indi təlaşdadır, mağmın vəziyyətdədir və məsuliyyəti boynundan atır.
Tanınmış erməni jurnalist Yegiazar Hayntabsi yazır: "Sarkisyan "dördgünlük müharibə" zamanı düşdüyü şokdan hələ də çıxa bilmir. Hakimiyyətdəki partiya isə həyasız mövqe tutaraq deyir: "Nə oldu, bəs deyirdiniz xalq vuruşmaq istəmir?! Gördünüz, ermənilər vuruşdular. Qoy xalq da ölkəni müdafiə etsin, həlak olsun. Bizdən nə istəyirsiniz?!" Ermənistan Respublika Partiyası faktiki olaraq məsuliyyəti boynundan atdı. Bu isə o deməkdir ki, Serj Sarkisyan və onun partiyası cinayətkar, antidövlət mahiyyətini etiraf etdi".
Və bu biabırçılıqdan sonra ERP qapalı toplantısına Seyran Ohanyanı dəvət edir - "sərhəddəki vəziyyətdən danışmaq" bəhanəsi ilə. Ermənistan Respublika Partiyasının ermənilərin taleyi yox, öz gələcəyi maraqlandırır.
İllah da ki, indi Ermənistan ordusundakı əsgərlər və zabitlər arasında narazılıq fasiləsiz artır. Erməni əsgərlər aşkar şəkildə Serj Sarkisyanı "gerizəkalı məxluq, cinayətkar" adlandırır.
Erməni ekspertlər bunu "Ermənistan ordusunda üsyan başlanır" kimi dəyərləndiriblər.
S.Ohanyanın da toplantıya çağırılması elə bununla bağlıdır.
S.Sarkisyan ordunun kimin tərəfində olduğunu nazirin dilindən eşitmək istəyir.
Şərhlər