Lavrovla Sarkisyan arasındakı görüş çox gərgin keçib

23.04.2016 13:07     Dünyadan reaksiya     1081

Ötən gün Yerevanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistan prezidenti Serj Sarkisyan arasındakı görüş çox gərgin keçib.

Modern.az saytının verdiyi xəbərə görə, bu haqda “İzvestiya” qəzeti Rusiyanın Ermənistandakı səfirliyindəki mənbəyə istinadən məlumat yayıb. 

Qəzet yazıb ki, Rusiyanın Ermənistandakı Moskva yönümlü təşkilatlara maliyyə ayırmaması məsələsi gərgin şəraitdə müzakirə edilib. 

“Bu onunla izah olunur ki, Moskva Rusiya mövqeyindən çıxış edəcək QHT-ləri maliyyələşdirmir. Eyni zamanda ABŞ nəzarətində olan müxalifət KİV-lərini maliyyələşdirərək fəal şəkildə öz maraqlarını önə çəkir”,-deyə “İzvestiya” bildirib. 

Qeyd olunub ki, ABŞ-ın erməni müxalifətinə ayırdığı yardımlar səbəbi ilə sadə vətəndaşlar da Rusiyaya qarşı mövqe nümayiş etdirirlər. 

“Əgər Rusiya əvvəllər etimad hesabına işləyə bilirdisə, bu, mümkün olmayacaq. Bu yaxınlarda cəbhədəki 4 günlük müharibədə ermənilər öz uşaqlarını, gənc oğlanlarını itirdilər. Sadə ermənilər Rusiyaya ehtiyatla yanaşmağa başlayıblar”,-deyə səfirlikdən bəyan ediblər. 

QəzetYerevanda aparılan sorğuya əsasən yazıb ki, Ermənistanda Rusiyaya qarşı əhval-ruhiyyənin baş qaldırdığı müşahidə edilir. 

Sorğuda iştirak edənlər vurğulayıb ki, Rusiyanın Ermənistanda iki hərbi bazası olmasına baxmayaraq, cəbhədəki son hadisələrdə heç bir köməklik göstərməyib.

Şərhlər