94 yaşlı nasist Hitlerin cinayətlərindən danışdı - FOTOLAR

30.04.2016 16:19     Dünyadan reaksiya     1323

Sabiq nasist, 94 yaşlı Reynhold Hanninq Adolf Hitlerin hakimiyyəti illərində insanlığa qarşı işlədilən cinayətlərlə bağlı ilk dəfə açıqlama verib.    Teleqraf.com xəbər verir ki, R.Hanninq 170 min insanın qətlə yetirilməsi ilə bağlı Almaniyanın Detmold şəhərində keçirilən məhkəmədə vəkili vasitəsilə tarixə işıq salacaq açıqlamalarla çıxış edib. “İnsanlar güllələndi, qazla öldürüldü və yandırıldı. Cəsədlərin gətirilib götürüldüyünü görürdüm” deyib. Osvensim əsir düşərgəsinə məcburi əməklə məşğul olmaq və ya qaz kameralarında yandırılmaq məqsədilə göndərilən məhkumların seçilməsi prosesini idarə etməkdə ittiham olunan Hanninq yüz minlərlə insanı öldürən və böyük ağrı-acıya səbəb olan faşist rejiminin bir parçası olduğu üçün heyfisləndiyini bildirib. Sabiq nasist “bilə bilə ədalətsizliyin yaşanmasına izn verdiyim və buna etiraz etmədiyim üçün utanc duyuram” deyib.   Bununla belə, R.Hanninq Osvensimdəki kütləvi qətliamlarda iştirak etməsinə dair ittihamları rədd edib, yalnız düşərgənin qurbanlara qaz verilən hissəsində qulluq etdiyini bildirib. “Uzun müddət, bütün həyatım boyu səssiz qaldım” deyən Hanninq İkinci dünya müharibəsi vaxtı cəhbədə yaralandıqdan sonra Osvensimə göndərilib. Təkrar cəbhəyə dönmə tələbi iki dəfə rədd edilən Hanninq “Həyatımın bu dönəmini basqı altına almağa çalışdım. Osvensim bir kabusdu. Kaş ki, orda olmasaydım” deyib. Osvensimdən qurtulan və məhkəmə davasının şikayətçilərindən olan 95 yaşlı Leon Şvarzbaum R.Hanninqin üzrünü qəbul etdiyini, ancaq onu əfv edə bilməyəcəyini söyləyib. R.Hanniqlə bağlı qərarın mayın 27-də çıxarılacağı gözlənilir. Hazırkı Polşa ərazisində yerləşən Osvensim konslagerində 1941-45-ci illərdə 1,4 milyon insan qətlə yetirilib ki, onun da 1,1 milyonu milliyətcə yəhudi olub. Bəzi mənbələrdə, o cümlədən Böyük Sovet Ensiklopediyasında qurbanların ümumi sayının 4 milyon nəfərdən çox olduğu bildirilir.

Şərhlər