Sov.İKP MK-nın keçmiş katibi: “Qarabağı necə Ermənistana vermək olardı?”
01.05.2016 16:22 Dünyadan reaksiya 973
Ukrayna LKGİ MK-nın və Krım Vilayət Partiya Komitəsinin sabiq birinci katibi, 1989-1991-ci illərdə Sov.İKP MK katibi olmuş, hazırda Moskvada yaşayan Andrey Girenko haqqin.az və virtualaz.org saytlarının Moskva bürosuna 1990-cı ilin yanvarında Bakıya səfəri, Ermənistan-Azərbaycan, Rusiya-Ukrayna münaqişələri barədə danışıb və keçmiş əqidə yoldaşı və rəhbəri Mixail Qorbaçovu yubileyi münasibəti ilə nə üçün təbrik etmədiyinə aydınlıq gətirib.
-Yəqin bilirsiniz, Sizin adınız Yevgeni Primakov, eləcə də SSRİ DTK sədrinin müavini, general Filip Bobkov ilə birlikdə 1990-cı ilin qanlı 20 Yanvar hadisələri ilə assosasiya olunur. Məhz sizin həmin “üçlük” Qorbaçovdan tələb etmişdi ki, Bakıya qoşun yeritsin. Bir halda ki, yanvarın 19-da vəziyyət nisbətən də olsa sakit idi, həmin hərbi əməliyyata nə ehtiyac vardı?
-Mən sizin, Bakıya qoşunun yeridilməsini məhz bizim tələb etməyinizlə bağlı dediklərinizlə razılaşa bilmərəm. Bəli, 1990-cı ilin yanvarında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov Mərkəzi Komitənin milli məsələlər üzrə katibi kimi məni vəziəyyətin hədsiz gərgin olduğu Bakı şəhərinə ezam etdi.
Yevqeni Primakovun rəhbərliyi altında Sov.KP MK-nın nümayəndə heyəti 14 yanvarda Bakıya gəldik. Gördük ki, mərkəzi meydanda, Lenin meydanında fasiləsiz mitinqlər keçirilir. Biz Azərbaycan Kommunist Partiyası rəhbərliyinin vəziyyətin öhdəsindən gələ bilməyəcəyini də gördük. Mən şəxsən mitinq edənlərlərlə görüşdüm ki, onların meydanda nə səbəblə toplandığını və nədən narazı olduqlarını anlayım.
Adi vətəndaşlarla görüş və Xalq Cəbhəsinin rəhbərliyi ilə söhbət əsasında məlum oldu ki, onların hər biri yalnız Vəzirovun getməsini istəyir, onların fikrincə, o, Dağlıq Qarabağ məsələsinin yoluna qoyulması üçün heç bir səy göstərmir. Lakin mənim səlahiyyətlərimə respublikanın partiya rəhbərliyinin dəyişməsi daxil deyildi. Həmçinin, Bakıya qoşun yeridilməsi mənim səlahiyyətimdə deyildi. Bəli, biz hər gün Moskvaya Azəbaycanda baş verənlər haqqında məlumat ötürürdük. Ancaq qərarı nə mən, nə də Primakov deyil, ölkə rəhbərliyi verirdi.
- İttifaqın mərkəzində Qarabağı Ermənistana verməyə can atan qüvvələr var idimi?
- Hətta elə qüvvələr mövcud olsaydı, onlar həlledici mövqedə olmayacaqdı. SSRİ-nin ali hakimiyyəti ölkələrarası sərhədlərin zorla dəyişdirilməsinin hansı nəticələrə gətirib çıxaracağını çox gözəl anlayırdı. Bir respublikanın razılığı olmadan onun ərazisinin bir hissəsinin digərinə verilməsi nə dərəcədə doğru olardı? Qarabağı Ermənistana necə vermək olardı axı? O zaman hər şey başqa cür idi, ittifaq respublikaların rəyi olmadan Moskva heç bir şey edə bilməzdi.
Mənə iki qardaş millətin savaşmasını görmək çox ağır gəlirdi: Azərbaycan və Ermənistan. Lakin təəssüflər olsun ki, münaqişədən 26-27 il ötsə də, o, nizamlanmayıb. Çox istərdik ki, sizin millətlər vəziyyəti normallaşdırmaq üçün özlərinə uyğun yollar tapsın.
- Ötən dvrlərdən bugünə gələk. Siz Ukraynadan gələnlərdənsiniz, Sovet illərində yüksək komsomol, partiya və dövlət vəzifələrində çalışmısınız. Rusiya və Ukrayna arasındakı konflikti necə qiymətləndirirsiniz?
- Burada düşünüləsi heç nə yoxdur. Hesab edirəm ki, Rusiya bu konlifktdə təqsirkar deyil. Bütün bunlara baxmaq ürəkağrıdıcıdır. Lakin mən ümid edirəm ki, tezliklə hər şey yoluna düşəcək və millətlər əvvəllər olduğu kimi dostluq münasibətində olacaq.
- Bəs Krım haqqında nə deyə bilərsiniz? Siz iki il Ukrayna Kommunist Partiyasının Krım bölgəsi üzrə birinci katibi kimi çalışmısınız. Rusiya Krımı Ukraynaya geri qaytaracaqmı?
- Nə üçün? Krım hər zaman Rusiya torpağı olub və olacaq.
- Ukraynalının belə bir fikri səsləndirməsi çox qəribədir...
- Krım Rusiya torpağıdır. Tarixi oxuyun, o zaman özünüz anlayacaqsınız...
Şərhlər