Sarkisyan təyyarədə müsahibə verdi - O, avropalı rəsmilərlə görüşdüyünü deyib. - VİDEO - FOTOLAR

17.05.2016 16:33     Dünyadan reaksiya     1469

"Müharibə həll yolu deyil". ANS PRESS-in məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra İrəvana qayıdarkən verdiyi müsahibədə bildirib.

“Hər bir tərəf görüşə yollananda öz marağını güdür. Minsk Qrupu həmsədrlərinin öz hədəfləri olub, Azərbaycan tərəfinin öz hədəfi, bizim də öz hədəfimiz”, - deyə Sarkisyan bildirib.

"Azərbaycan prezidenti əmin etdi ki, o, problemin hərb yolu ilə həllini qarşıya məqsəd qoymayıb"

“Bizim məqsədimiz danışıqların həqiqətənmi dalana dirəndiyini və döyüşməkdən başqa yolun qalmadığını, yaxud problemləri daha az itkilərlə həll edə biləcəyimizi aydınlaşdırmaqdan ibarət idi”, - deyərək Sarkisyan əlavə edib. Ermənistan prezidentinin sözlərinə görə, o və həmkarları görüşün nəticələrindən razı qalıblar.

“Təfərrüatlara toxunmağa ehtiyac yoxdur. Lakin bununla belə Azərbaycan prezidenti əmin etdi ki, nə onun ölkəsi, nə şəxsən özü hansısa problemin hərb yolu ilə həllini qarşıya məqsəd qoymayıb. Siz gözəl anlayırsınız və hesab edirəm ki, mənim reaksiyamı hiss edə bilirsiniz - bu əlbəttə, yaxşıdır, ancaq inandırıcı deyil. Çünki belə söhbətlər dəfələrlə aparılıb, reallıqda isə onlara əməl olunmur. Ancaq bizim təkcə proqnozlara və təxminlərə əsaslanmaq haqqımız da yoxdur, çünki müharibə ən yaxşı həll yolu deyil. Baxaq görək hadisələr necə cərəyan edəcək. Hər halda biz istənilən varianta hazırıq, əlbəttə, istərdik ki, bu, sülh variantı olsun”, - deyə Sarkisyan fikirlərini izah edib.

Bundan əvvəl Ermənistan prezidenti  jurnalistlərə verdiyi açıqlamada bildirib ki, görüş normal keçib. “Düşünürəm ki, nəticələri tezliklə bəyan edərlər", - deyən S. Sarkisyan jurnalistlərin suallarını cavablandırıb.

 

Şərhlər