Rusiya ilə Türkiyə arasında "buzlar əriyir"

21.05.2016 18:12     Dünyadan reaksiya     1238

Əhməd Davudoğlunun gedişi Rusiyanı dərhal hərəkətə gətirib
Əhməd Davudoğlunun Türkiyənin baş naziri vəzifəsindən istefasından cəmi iki gün sonra Rusiya Türkiyəyə rəsmi nümayəndə heyəti göndərmək qərarı verdi. Bu, iki ölkə arasındakı "buzun" Davudoğlu olması kimi iddialara da yol açıb. Maraqlıdır, məlum hadisə iki ölkə arşında "buzların əriməsi" sayıla bilərmi?

Politoloq Natiq Miri hesab edir ki, əslində Rusiya-Türkiyə yaxınlaşmasına bu gün üç amil təsir edir. Bu amillərdən biri məhz Əhməd Davudoğlu faktorudur: "Rusiya təyyarəsi vurulanda baş nazir Əhməd Davudoğlu etiraf etdi ki, Türkiyənin hava sərhədlərini pozan Rusiya təyyarəsinin vurulması əmrini o verib. Bu da təbii ki, Kremlin unudacağı məsələ deyildi. Rusiya o vaxtdan baş nazir Əhməd Davudoğluya qarşı kəskin münasibəti var idi. Tez-tez bəyan edirdilər ki, Türkiyənin hökumətinə başçılıq edən şəxslə heç bir əməkdaşlıq mümkün deyil. Onu da nəzərə almaq lazımdır ki, Davudoğlu Qərbə inteqrasiya xəttinin tərəfdarı olan bir baş nazir idi. Rusiyanın onu həzm edə bilməməsi, münasibətlərdə "buz" olaraq görməsi həm də bu amillə bağlıydı. Buna görə də Rusiyada Davudoğlunu sevmirdilər, onun başçılıq etdiyi hökumətlə əlaqələr qurmaq istəmirdilər. Davudoğlunun gedişi Rusiyanın arzularından birinin həyata keçməsidir və Moskva bu gedişdən dərhal sonra nümayiş etdirdi ki, münasibətləri düzəltməyə hazırdır, maneələrdən biri aradan qalxmış sayıla bilər".
Politoloqun sözlərinə görə, ikinci amil Suriyadakı proseslərin dalana dirənməsi, ABŞ-la Rusiya arasında atəşkəslə bağlı razılığa rəğmən bu atəşkəsi əldə etməyin mümkün olmamasıdır: "Rusiya Suriyadan öz qoşunlarını çıxarmaqla bağlı qərar vermiş olsa da qoşunlarını yenidən Suriyaya qaytarmaq məcburiyyətində qaldı və proseslər getdikcə Rusiyanı Suriya bataqlığına çəkir. ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın "b" planı həyata keçmək üzrədir. Bu da təbii ki, Rusiyanı narahat edir. "B" planı ondan ibarətdir ki, birinci növbədə ABŞ və müttəfiqləri Suriya müxalifətinə retal silahlar verəcək. Bu isə Rusiya təyyarələrinin və hərbçilərinin ciddi itkilərlə üz-üzə qalması demək olacaq. Türkiyənin bu prosesin içində həlledici faktorlardan biri olmasını artıq Rusiya qəbul etmiş durumdadır. Ona görə də Türkiyə ilə münasibətləri tənzimləmək Moskva üçün zərurətə çevrilib".

Həmsöhbətimiz fikrincə, üçüncü amil Rusiyanı Avropanın enerji bazarından tamamilə sıxışdırıb çıxarmaq prosesinin getməsinin ortaya çıxardığı reallıqdır: "Türkiyə üzərindən bilirsiniz ki, bir Türk axını projesi var idi. Rusiya-Türkiyə münasibətləri korlandığı üçün bu proje arxivə göndərilmişdi. İndi Rusiyaya bu projenin həyata keçməsi lazımdır. Eyni zamanda paralel olaraq bu gün Dağlıq Qarabağ problemi yönündə artıq həll planı ortaya çıxmaqdadır ki, bu məsələdə Rusiya Türkiyəni gözardı edə bilməz. Ona görə də bütün bu məsələlər toplusu Rusiyanı Türkiyə ilə münasibətləri düzəltməyə vadar edir. Artıq Rusiya münasibətləri düzəltmək istiqamətində ilk addımını atıb". (musavat.com)

Şərhlər