Erməni müəllif: “Ermənistan gizli şəkildə əraziləri qaytarmağa razılaşıb”
27.05.2016 17:30 Dünyadan reaksiya 1061
“Eduard Nalbandyanın mayın 26-da dilə gətirdiyi fikirlər Azərbaycanın Vyanada atəşkəsə nəzarət mexanizmi ilə bağlı məsələyə imza atmadığını göstərir”.
Publika.az xəbər verir ki, bu barədə erməni müəllif Naira Ayrumyan “lragir” saytında yayımlanan məqaləsində yazıb.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan aprel döyüşlərindən sonra danışıqlara qayıtmaq üçün üç şərt irəli sürmüşdü. O şərtlərdən biri də “münaqişə bölgəsində atəşkəsin pozulması hallarına nəzarət” idi. Ermənistan hökuməti mayın 16-da keçirilən Vyana görüşündə İrəvanın bütün şərtlərinin qəbul edildiyini iddia edirdi. Halbuki, atəşkəsə nəzarət mexanizmi münaqişənin həllinin vaxtının uzadılmasına səbəb olan hal hesab olunur və rəsmi Bakının bununla razılaşacağına dair şübhələr var idi.
Nalbandyanın “Azərbaycan Vyanada yekun bəyanata qoşulmadı, başqa sözlə, Qarabağda vəziyyətə nəzarət üçün avadanlığın gətirilməsi və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişlənməsi ilə razı deyil” deyə dünən səsləndirdiyi bəyanatı isə rəsmi Bakının heç bir öhdəlik götürmədiyini, yalnız əvvəlki kimi münaqişənin sürətli həlli məsələsini irəli sürdüyünü göstərir.
N. Ayrumyan da yazır ki, bu, əvvəl qəbul edilmiş gizli razılıqdan da imtina edilmədiyini göstərir: “Bu, münaqişənin “mərhələli həll” variantını özündə əks etdirir. Belə ki, birinci mərhələdə müəyyən ərazilər qaytarılır, daha sonra Qarabağın statusu məsələsinə baxılır. Ermənistan uzun illər bu planla razılaşmırdı. Amma Nalbandyan artıq faktiki olaraq razı olduqlarını dilə gətirdi. O bildirdi ki, Ermənistan “mərhələli həll” planının “paket həll” planı ilə uzlaşdırılmasını istəyir”.
Qeyd edək ki, həm “mərhələli həll”, həm də “paket həll” planı işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutur. Dağlıq Qarabağın gələcək statusu isə Azərbaycanın tərkibində həll olunur.
N. Ayrumyan qeyd edir ki, Ermənistan 800 hektar ərazinin itirildiyini etiraf etməklə, artıq birinci mərhələnin uyğunlaşdırılmasına başladı: “Sarkisyan da aprel döyüşlərində itirilən ərazilərin qaytarılmasına ehtiyac görmədiyini deməklə, bunu legitimləşdirdi. Sarkisyan ikinci addımla razılaşmaq üçün Vyanaya getdi. Güman ki, erməni rəhbərliyini inandırdılar ki, Ermənistan birinci mərhələ ilə razılaşacaqsa, yəni müəyyən ərazilərin qaytarılmasına razı olacaqsa, Azərbaycan Qarabağda öz müqəddəratını təyin etmə məsələsinə baxa bilər. Amma bu Bakının razılaşdığı demək deyil, sadəcə baxa biləcəyi deməkdir. Görünür, rəsmi Bakı bütün ərazilərin boşaldılmasını tələb edir, yalnız ondan sonra növbəti mərhələyə keçidə razıdır”.
Şərhlər