Sərkisyanın mafiya ilə əlaqələri ortaya çıxdı - Şok faktlar
29.05.2016 12:41 Dünyadan reaksiya 1084
Ermənistan Prezidenti Serj Sərkisyanın ABŞ-dakı mafiya qruplaşması ilə yaxın əlaqələri ortaya çıxıb.
Reaksiya,info xəbər verir ki, S.Sərkisyanın mafiya əlaqələrini Ermeni Milli Konqresinin koordinatoru Levon Zurabyan ifşa edib.
L.Zurabyan erməni mediasına bildirib ki, Serj Sərkisyanın 1998-ci ildən ABŞ-ın Los Anceles şəhərində fəaliyyət göstərən “Pzo” ləqəbli erməni mafiya başçısı Armen Kazaryanla sıx əlaqələri mövcuddur. Onun sözlərinə görə, Armen Kazaryan Serj Sərkisyanın “Saşik” ləqəbli qardaşı Aleksandr Sərkisyanın Amerikadakı biznesini idarə edir:
“Armen Kazaryan ABŞ-da 35 milyon dollarlıq dələduzluq hadisəsi ilə gündəmə gəlmişdi. Serj Sərkisyan zaman-zaman bu mafiozdan öz hakimiyyətini möhkəmləndirmək üçün istifadə edib. Ermənistanın keçmiş daxili işlər naziri Vano Sıradyeryan 1996-cı ildə mafiyaya qarşı sərt mübarizə aparan zaman Armen Kazaryan ABŞ-a qaçmışdı. Ancaq Robert Koçəryan, daha sonra Serj Sərkisyan hakimiyyətə gələn kimi bu mafiozun ulduzu parlamağa başladı”.
L.Zurabyan qeyd edib ki, Serj Sərkisyan ona müxalif olan şəxsləri Armen Kazaryan vasitəsi ilə aradan götürüb:
“Bu gün isə Serj Sərkisyan özü təhlükəli mafioza çevrilib və dövləti də mafiya kimi idarə edir. Çünki özü mafiya iqtidarı qurub”.
L.Zurabyan Armen Kazaryanın təkcə Serj Sərkisyan hakimiyyətinə deyil, bundan öncə də Koçaryan iqtidarı ilə yaxın əməkdaşlıq etdiyini bəyan edib:
“Armen Kazaryanın Ermənistanın sabiq prezidenti Robert Koçəryanla da sıx əlaqələri var idi. Bundan sonra isə Sərkisyanla əlaqələrini davam etdirdi. Hətta 2008-ci ilin prezident seçkiləri zamanı Armen Kazaryan Serj Sərkisyanın rəqibi olmuş Levon Ter-Petrosyana qarşı cinayətlər işləmişdi. Sərkisyan Ter-Petrosyanın fəal tərəfdarlarını məhz Armen Kazaryanın vasitəsilə aradan götüzdürürdü”.(Publika.az)
Şərhlər