Kremldən prezidentlərin görüşü ilə bağlı açıqlama
02.06.2016 19:58 Dünyadan reaksiya 1200
Zaxarova görüş vaxtının məlum olmadığını deyib.
Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı açıqlama verib.
ANS PRESS-in məlumatına görə, XİN rəsmisi Mariya Zaxarova təşkil etdiyi mətbuat konfransında deyib ki, Qarabağ münaqişəsi ilə bağlı görüşün dəqiq vaxtı hələlik müəyyən edilməyib.
"Bu görüşün dəqiq vaxtını isə münaqişə tərəfləri müəyyən etməlidir. Biz ümid edirik ki, onlar detalları razılaşdırdıqdan sonra görüşün tarixi ilə bağlı müvafiq bəyanat verəcəklər", - deyə Zaxarova bildirib.
Aprel ayının əvvəllərində baş verən 4 günlük müharibədən sonra Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Avstriyanın paytaxtı Vyanada görüşüblər. Bu həm də bu ilin ilk görüşü olub.
İ.Əliyev və S.Sarkisyanın 3+2 formatında (prezidentlər və həmsədrlər) görüşündə danışıqların iştirakçıları regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəliblər.
Görüşdə hər iki ölkənin xarici işlər nazirləri ilə bərabər ATƏT-in Minsk qrupunun həmsədrlər ölkələrinin də XİN rəsmiləri - ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro iştirak edib.
Görüş iki saatdan artıq davam edib. S.Lavrov bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri iyunda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirələr aparmaq üçün növbəti görüşün yeri və vaxtı barədə razılığa gələcəklər.
Şərhlər