Talış kəndinin sakinləri evlərinə qaytmamaqda israr edir

06.06.2016 22:42     Dünyadan reaksiya     1215

Saakiyan sakinləri sakitləşdirmək üçün özü ilə bir neçə "nazir" də gətirib.

Ermənistan hakimiyyəti aprel hadisələrindən sonra Talış kəndindən qaçan əhalini evlərinə qayıtmaq üçün dilə tutmaqda davam edir. ANS PRESS-in məlumatına görə, qondarma Dağlıq Qarabağ Respublikasının “prezidenti” Bako Saakiyan Ermənistanın Çarensavan şəhərinə gəlib və evlərindən qaçan sakinlərlə görüşüb.

Prezident görüş zamanı onların sosial-məişət şəraiti, problemləri və gələcək planları ilə maraqlanıb və onlara problemlərini həll edəcəyi ilə bağlı söz verib.

Saakiyan sakinləri sakitləşdirmək üçün özü ilə bir neçə "nazir" də gətirib.

Azərbaycan ordusunun Ermənistan hərbi birləşmələrinin təxribatına qarşı aprelin 2-dən 5-dək  apardığı hərbi əməliyyatlar zamanı işğal altında olan Ağdərə rayonunun Talış kəndinin ətrafındakı yüksəklikləri azad edilib. Həmin vaxtdan etibarən Talış kəndinin əksər sakinləri evlərini tərk edib.

Bako Saakyan və sakinlər arasında görüş
Bako Saakyan və sakinlər arasında görüş

Amma əməliyyatlarda 2 aydan çox vaxt keçməsinə baxmayaraq əhali evlərinə qayıtmaq istəmir. Bunu qondarma rejimin rəhbərliyi də təsdiqləyib. Qondarma Dağlıq Qarabağ respublikası "parlamentinin" "Milli Dirçəliş" fraksiyasının rəhbəri Ayk Xanumyan Serj Sarkisyanın “itirilmiş 800 hektar ərazinin strateji əhəmiyyəti yox idi” sözlərini şərh edərkən deyib ki, mövqeləri itirdikləri üçün əhali Talış kəndinə qayıda bilmir. 

Həmçinin Talış kəndinin icma koordinatoru Slava Bayunts isə deyib ki, artıq 370 erməni İrəvana gedib. O deyib ki, onlar problemlərinin tez bir zamanda həll edilməsi üçün hökumətə məktublar göndəriblər.

“Sakinlər hər yerdə yaşamağa razıdırlar, bircə onlara sığınacaq verməlidirlər. Bizə sığınacaq və maddi yardım lazımdır", - deyə Bayunts bildirib.

Talış kəndindən qaçan ermənilər
Talış kəndindən qaçan ermənilər

Ermənistan rəhbərliyi Talış kəndinin sakinlərini evlərinə qaytara bilmədiyini gördükdə vəziyyəti ört-basdır etmək üçün onların başqa ərazilərdə yerləşdirilməsini təklif edib. Amma hələ ki, rəhbərlik və sakinlər arasında razılıq əldə olunmayıb.

 

Şərhlər