1981-ci ildə İrandan sürgün edilən Xalq Mücahidləri Təşkilatı Parisdə “Azad İran” adlı toplantı keçirib.

12.07.2016 16:15     Dünyadan reaksiya     1017

“Ərəbiyyə” telekanalı xəbər verir ki, toplantıda Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyat şefi şahzadə Türki Faysal Əl Səud da qatılıb.

Faysal çıxışında İranda dini rejimin çökəcəyini deyib:

“Xalq rejimin dağılmasını istəyir. Mən də bunu istəyirəm. Xomeyninin ilk qurbanı İran xalqı idi. Ərəb dünyası sonsuza qədər İran xalqının yanında olacaq”.

Tehran rəhbərliyinin xalqlara kömək etmək bəhanəsi ilə başqa ölkələrin daxili işlərinə qarışdığını iddia edən şahzadə İranın Suriya, İraq, Livan və Yəməndə silahlı məzhəbçi qrupları dəstəklədiyini deyib:

“İranın əsas məqsədi bölgədə xaos yaratmaqdır”.

İran Xarici İşlər nazirinin müavini Əmir Abdullahiyan Faysalın çıxışına münasibət bildirib.

Onun sözlərinə görə, Səudiyyə kəşfiyyatı ilə “Münafiqlər” (İran rəhbərliyinin Xalq Mücahidlərinə verdiyi ad. – red.) arasında iş birliyi mövcuddur.

Qeyd edək ki, toplantıda ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın yaxın adamı Nyut Qinqriç də iştirak edib.

Xatırladaq ki, ən böyük müxalif qruplardan sayılan İran Xalq Mücahidlər Təşkilatı İranda şahlıq dövründə, 1960-cı illərin sonunda yaradılıb, 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra təşkilatın minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib. 

Şərhlər