Yunan parlamenti islahatlar planını qəbul etdi
11.07.2015 11:15 Dünyadan reaksiya 1665
Yunan hökumətinin beynəlxalq kreditorlara təqdim etdiyi yeni islahatlar planı ölkə parlamentində müzakirə olunduqdan sonra səsvermə əsasında qəbul olunub. ANS PRESS-in məlumatına görə, səsvermə zamanı 251 deputat planın lehinə, 32 nəfər əleyhinə səs verib. 8 nəfər isə bitərəf olub.
Baş nazir Aleksis Tsipras parlamentdə çıxış edir
Baş nazir Aleksis Tsipras parlamentdə çıxışı zamanı bildirib ki, Avropa Birliyinin mühafizəkar çevrəsi Afinanın iqtisadi siyasətini bəhanə gətirərək Yunanıstanın solçu hökumətindən yaxa qurtarmaq istəyir: “Biz mühafizəkar çevrənin maraqları xətrinə qurban verilməməliyik. Mən xalqımızın hüquqlarını qorumaq və milli maraqlarımızı təmin etməyə çalışıram. Mən hazırkı təhlükə fonunda mümkün olan hər şeyi etmişəm. Təhlükəli - minalanmış ərazidəyik və mən bunu gizlədə bilmərəm”.
Hazırda plan avroqrup nümayəndələri arasında da müzakirə olunur.
Avrozona ölkələrinin maliyyə nazirləri sabah keçiriləcək Avropa Birliyi sammitinin yekununda Yunanıstanla bağlı qərar qəbul edəcəklər. Plan qəbul olunacağı təqdirdə borcların ödəniş forması yenidən nəzərdən keçiriləcək.
Yeni layihədə vergilərin artırılması, eyni zamanda, gəlirin həcminə görə əlavə vergi tutulması, ölkənin müdafiəsinə ayrılan xərclərin 2016-ci ilə qədər 300 milyon avro həcmində ixtisar edilməsi nəzərdə tutulur. Plan qəbul olunacağı təqdirdə, Afina kreditorlarla 2018-ci ilin sonunda kimi 53.5 milyard avro məbləğində borc əldə edəcək.
Paytaxt Afinada isə, Avropanın sərt iqtisadi tədbirlərinə qarşı növbəti etiraz aksiyası baş tutub. Aksiya zamanı fəallar kreditorların tələblərinə qarşı şüarlar səsləndirib, Yunanıstanın müstəmləkə olmadığını deyiblər.
Şərhlər