İrəvanda qiyamçılar həkimləri girov götürdülər
27.07.2016 15:00 Dünyadan reaksiya 1020
İrəvanın Erebuni rayonunda post-patrul xidməti alayının binasını ələ keçirən silahlılar təcili tibbi yardım briqadasını girov götürüb.
Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyan yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan Facebook səhifəsində yazıb.
"Bu gecə polis binasını ələ keçirən silahlı qrupun iki üzvünün yaralanmasına dair məlumat yayılıb. Hüquq-mühafizə orqanları onlara yardım edilməsini təklif edib, lakin qarşı tərəf rədd cavabı verib. Daha sonra onların qohumları həkim göndərilməsi üçün müraciət ediblər. Bir qədər sonra isə silahlı qrup yaralının vəziyyətinin ağır olduğunu bildirərək həkim tələb edib. Binaya gələn həkimlər silahlılar tərəfindən girov götürülüb", - deyə Aşot Aqaronyan qeyd edib.
Məlumatda o da deyilir ki, müvafiq qurumlar həkimlərin danışıqlar yolu ilə azad olunması üçün tədbirlər görürlər.
Şərhlər