Potoçari qəbristanlığındakı çiçək dükanı - BİR BOSNİYALI ANANIN DRAMI - VİDEO

11.07.2015 19:39     Dünyadan reaksiya     2724

Srebrenitsalı ana Fazila Efendiç soyqırımında yoldaşını və hələ 20 yaşı tamam olmamış oğlunu itirib. Onlara daha yaxın olmaq üçün isə Potoçari məzarlığının qarşısında çiçək və hədiyyələr dükanı açıb.

"Ən çox ziyarət edilənlər mənim Şəhidlərimdir deyəsən" - deyir 64 yaşındakı Fazila Efendiç. 2002-ci ildə qayıtdığı Srebrenitsada soyqırım qurbanı olan həyat yoldaşı və oğluna daha yaxın olmaq məqsədi ilə 6377 şəhidin məzarı olan Potoçarinin qarşısında çiçək və hədiyyə əşyalar satan dükan açmağı qərara alıb.

Efendiç deyir ki, ən azından hər iki gündə bir ziyarət edir: “Yaxın olduğum üçün buradakı şəhidlərdən deyəsən ən çox mənim yaxınlarım ziyarət edilir. Hər zaman yadıma düşürlər:evdə, burada"...

1995-ci ilin iyulunda Srebrenitsadaki soyqırımda yoldaşı Hamed öldürüldüyündə 46 yaşında idi, oğlu Feyzonun isə hələ 20 yaşı tamam olmamışdı.

"Yuxarıdakı körpüdə ayrıldıq. Oğlum, 'Ana, mənə bir şey olsa, lütfən ağlama” - dedi. Çünki göz yaşlarımızın ona axirətdə çətinlik verəcəyini bildirmişdi. Hər tərəfdən üstümüzə atəş açılırdı. Öldürüləcəyini anlamışdı. Həyatda qalanlar möcüzə nəticəsində xilas oldular. Oğlumun hələ 20 yaşı tamam olmamışdı."

Efendiç ərinin başsız skeletini 1998-ci ildə, oğlunun təkcə iki ayaq sümüyünü isə 2013-ci ildə tapıb dəfn edib.

 

Çiçəklərlə yeni bir başlanğıc

 

Qırğından qaçan Efendiç yeddi il ərzində ölkənin şimal-şərqindəki Tuzla şəhərində yaşayıb. O illəri zamanın çox yavaş axdığı çətin bir dövr kimi xatırlayır.

Efendiç deyir ki, yeddi il qaçqın kimi yaşamaq ona çox uzun gəlib: “Amma öz evimə qayıdanda rahatladım. Burada böyük evim var, ərimlə birlikdə alın tərimizlə inşa etdiyimiz evimizi başqasının ümidinə qoyub gedə bilməzdim. Siyasət və bu yerin kimin hakiyyətində olması məni maraqlandırmır. Mən öz evimə geri qayıtmışam. Öz ölkəmdəyəm" -deyir.

Həyatını təzədən qurmaq üçün isə Efendiçin nəsə bir məşğuliyyətə ehtiyacı var idi.

"2006-cı ilin martında paltar ütüləyərkən gördüm ki, təkəm və ütüm də çox deyil. “Mütləq çiçək mağazası açmalıyam” - dedim. Çiçəklərlə məşğul olmaq istədim, çünki çiçəklər həyatıma məna qatır. Yıxılmış evimi təkrar təmir etmək istədim. Bağçamız çiçəklərlə dolu idi, evim əvvəlki kimi olmayacaqdı, amma  ən azından bağçam olsun. İyirmi ildə inşa etdiklərimi iki gündə itirmişdim onsuz da".

Faziola Efendiç altı ay davam edən hazırlıqlardan sonra oğlu və yoldaşının əbədi uyuduğu qəbiristanlığın qarşısında kiçik bir dükan açıb çiçək satmağa başlayıb.

"İlk çiçəklərim üçün 500 KM (250 avro) borc aldım, 200 KM civarında çiçək satdım, 300 çiçək qurudu, aparıb zibilliyə atdım. Amma davam etmək istəyirdim. Bütün başlanğıclar çətin olur, mən də mübarizə aparmağa hazır idim. Sonra hədiyyələr dükanı da açdım”.

 

Srebrenitsaya ən çox məzarlıqlar miras qalıb

 

11 İyul 1995-ci ildə Ratko Mladiç əmrindəki Serb Respublikasının ordusu Srebrenitsaya daxil olub. 8 min 372 nəfər öldürülüb. Srebrenitsa qətliamından bu gün düz 20 il keçib. Bu günə kimi dəfn olunan şəhər sakinlərinin sayı 6377 nəfərdir. 1300 nəfərin aqibəti hələ də blinmir.

64 yaşındakı Fazila Efendiç, özü kimi övladını itirmiş analarda böyük bir əksəriyyətinin oğullarının skeletlərini, sümüklərini tapa bilmədən, onları dəfn etmədən öldüyünü xatırlayır.

1995-ci ildən BMT-yə bağlı Hollandiya hərbi birləşmələrinin nəzarətində olan "etibarlı bölgə" Srebrenitsaya ən çox məzarlıqların miras qaldığını deyir:

"Xəritəyə baxanda ən böyük tarixi mirasımız bunlar olacaq."

Şərhlər

Çox oxunanlar