Britaniya təhlükəsizlik qüvvələri Londonda terror aktının qarşısını almağa çalışır

31.07.2016 21:38     Dünyadan reaksiya     895

Böyük Britaniya xüsusi xidmət orqanları ölkədə terror aktı törədilməyə hazırlıqla bağlı ən azı 4 halı araşdırır, polis isə Londonda terror aktları törədiləcəyini istisna etmir.

 

APA-nın məlumatına görə, bunu Böyük Britaniya KİV-ləri yazıb.

 

“Sunday Times” nəşri Böyük Britaniya xüsusi xidmət orqanlarının yüksək vəzifəli şəxsinə istinadən yazıb ki, araşdırılan 4-5 iş terrorçuların terror aktı törətmək niyyətində olduğunu göstərir.

 

Ötən həftə Böyük Britaniya daxili işlər nazirinin müavini Ben Uolles ticarət şəbəkələrinin rəhbərləri və idman oyunlarının operatorları ilə ticarət mərkəzləri və stadionlarda təhlükəsizlik məsələlərini müzakirə edib. London polisinin rəhbəri Bernard Xoqan-Xouv “Mail” qəzetinə müsahibəsində deyib ki, iki ildir ki, Londonda terror təhlükəsi səviyyəsi yüksəkdir və hazırda da yüksək olaraq qalır. Eyni zamanda şəhərdə terror aktı baş verməyəcəyinə heç kim zəmanət verə bilməz.  B. Xoqan-Xouv böyük ehtimalla polis və xüsusi xidmət orqanlarının terror aktının qarşısını alacağına inandığını da qeyd edib.

 

Bundan əvvəl B. Xoqan-Xouv son illər Böyük Britaniyada 8 terror aktının qarşısının alındığını, terror fəaliyyəti şübhəsi ilə 400 nəfərin həbs edildiyini bildirib.  “Sunday Times” isə yazıb ki, xüsusi xidmət orqanları son 3 ildə 900 britaniyalının terrorçulara qoşulmaq üçün Suriya və İraqa getməsinin qarşısını alıb.

 

Reaksiya.az

Şərhlər