Prokuror Bharara Rza Zərrabın vəkilləri ilə döyüşür: “Milli təhlükəsizlik məsələsidir...”

09.08.2016 14:10     Dünyadan reaksiya     933

ABŞ-ın Nyu York Federal məhkəməsində İran əsilli azərbaycanlı milyarder Rza Zərabın vəkillər ordusu ilə onun həbsinə sanksiya verən prokuror Preet Bharara arasında “döyüş” gedir.

Virtualaz.org xəbər verir ki, Rza Zərrabın vəkilləri ona qarşı irəli sürülən ittihamların sübuta yetirilməsi üçün dəlillərin yetmədiyi və biznesmenin ABŞ-da mühakimə olunmasına əsas olmadığı arqumenti ilə vəsadətlər qaldırıblar.

Buna cavab olaraq prokuror Bharara hakimə təqdim etdiyi məktubda göstərib ki, vəkillərin qaldırdığı vəsadətə baxılması belə mümkün deyil. Çünki Rza Zərrabın həbsdə saxlanılması ABŞ-ın milli təhlükəsizliyinə birbaşa dəxli olan məsələdir və onun törətdiyi cinayətləri sübuta yetirəcək dəlillər kifayət qədərdir.

Rza Zərrab İrana qarşı beynəlxalq sanksiyaları pozaraq bu ölkəyə aid pulların qeyri-leqal dövriyyəsində, dələduzluqda və ABŞ-ın bank sistemindən istifadə edərək terroru dəstəkləyən ölkə ilə işbirliyində ittiham olunur.

“Rza Zərraba qarşı irəli sürülən ittihamlara xitam verilməsinə dair vəkillərin irəli sürdüyü iddialar qəbuledilməzdir. Bu məsələdə məhkəmə dinləmələrinə belə ehtiyac yoxdur”-prokuror hakim Riçard Bermana yazıb. Prokurorun bildirdiyinə görə Rza Zərrab qurduğu sxemlə ABŞ-ın bank sistemini təsadüfən deyil, bilərəkdən aldadıb, bu sxem vasitəsilə İrana aid pulları bir ölkədən digərinə transfer edib. Bununla da ABŞ-ın İrana qarşı tətbiq etdiyi maliyyə sanksiyalarına zərbə vurub.

Prokurorun bildirdiyinə görə Zərrabın qurduğu beynəlxalq sxem üzərindən dövr edilən pullara iki dəfə ABŞ bankları tərəfindən blok qoyulub. Buna baxmayaraq onun qurduğu sistem işi davam etdirib. “Zərrab bu bloklamanın ardınca da bilərəkdən qanunsuz əməllərinə davam edib”-prokuror bildirib.

Rza Zərrab bu ilin martında Mayamidə həbs olunub. O, məhkəmədə özünü müdafiə etmək üçün nüfuzlu vəkillərlə müqavilələr bağlayıb.

 

Reaksiya.az

Şərhlər