Nazarbayev qlobal təşkilat yaradılmasını təklif edib

04.09.2016 18:48     Dünyadan reaksiya     994

Qazaxıstan prezidenti Nursultan Nazarbayev iqtisadiyyat və maliyyəni tənzimləmək üçün qlobal təşkilat yaradılmasını təklif edib.
 
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu gün Çinin Xançjou şəhərində keçirilən "Böyük iyirmilik" (G20) sammitində çıxış edən N. Nazarbayev deyib ki, hazırda dünya iqtisadiyyatının inkişaf tempi, ticarət və kapital dövriyyəsi azalır.
 
Qazaxıstan prezidenti qlobal inkişaf yolu dünya ictimaiyyətinin birgə fəaliyyətindən çox asılı olacaq: "Buna görə də beynəlxalq iqtisadiyyatın və maliyyənin tənzimlənməsində vahid qlobal təşkilat əsas rol oynamalıdır. Belə strukturu BMT-nin İqtisadiyyat və Sosial Şurasını Qlobal İnkişaf Şurasına transformasiya etməklə yaratmaq olar. Bu struktura qlobal iqtisadiyyatın tənzimlənməsi funksiyası həvalə olunmalıdır. Dünya iqtisadiyyatını canlandırmaq üçün yeni sənaye inqilabına, rəqəmsal iqtisadiyyata və innovasiyalara dəstək vermək lazımdır".
 
N. Nazarbayev G20 ölkələrinin və digər maraqlı ölkələrin terrorizm üzərində tam qələbə üçün səylərini birləşdirməsinin bu yolda yaxşı başlanğıc ola biləcəyini də vurğulayıb: "Bunu bütün dünya ictimaiyyəti gözləyir".
 
 
 

Şərhlər