Yeltsinin qızı prezidentliyə namizəd ola bilər

13.09.2016 00:40     Dünyadan reaksiya     889

YUKOS şirkətinin sabiq, “Açıq Rusiya” ictimai təşkilatının indiki rəhbəri Mixail Xodorkovski 2018-ci ildə keçiriləcək prezident seçkilərində özünün dəstəkləyəcəyi prezidentliyə namizədlərin seçim layihəsinə start verib.Modern.az xarici mediaya istinadən xəbər verir ki, onun qərargahını namizədlərin seçim müsabiqəsinə reaksiyası maraqlandırmır.

Namizədlərin axtarışı və seçimi məqsədilə sayt işə salınıb.

“Bizim ölkəmizə prinsipcə yeni formasiyanın adamı rəhbərlik etməlidir. Rusiyaya “çar, başçı və ata”  lazım deyil, savadlı və peşəkar idarəçi lazımdır. Bizim ölkənin hər bir vətəndaşı prezidentliyə namizəd kimi öz gələcəyini etibar edəcək şəxsi göstərə bilər”, - layihənin saytında vurğulanır.

Hazırda saytda 13 namizədin adı təqdim olunur: siyasətçi Aleksey Navalnı, PARNAS partiyasının rəhbəri Mixail Kasyanov, keçmiş maliyyə naziri Aleksey Kudrin, Transparency Internationalın vitse-prezidenti Yelena Panfilova, Konstitusiya Məhkəməsinin keçmiş hakimi Tamara Morşakova, jurnalist Yelena Rıkovtseva, Dövlət Dumasının keçmiş deputatı Vladimir Rıjkov, Yekatirinburqun meri Yevgeni Royzman, Perm vilayətinin keçmiş qubernatoru Oleq Çirkunov, Pskov məclisinin keçmiş deputatı Lev Şlosberq, Rusiyanın birinci prezidenti Boris Yeltsinin qızı Tatyana Yumaşeva, “Yabloko” partiyasının yaradıcısı Qriqori Yavlinski, tarixçi İvan Kurilla.

Məlumatda qeyd edilir ki, namizədləri bu ekspertlər irəli sürüblər: siyasi texnoloq Stanislav Belkovski, “Demokratik seçim”in lideri Vladimir Milov, Dövlət Dumasının deputatı Dmitri Qudkov,  Memarlar İttifaqının üzvü Yevgeni Ass və biznesmen Yevgeni Çiçvarkin.

Saytda ölkənin istənilən vətəndaşı səs verə, özünün namizədliyini irəli sürə, yaxud namizəd kimi qeydiyyatdan keçə bilər.

Final mərhələsində prezidentliyə namizədi səsvermənin nəticəsinə görə münsiflər müəyyənləşdirəcəklər. Mixail Xodorkovski də 2018-ci il seçkilərində həmin namizədi dəstəkləyəcəyini xəbər verib.

 

 

Reaksiya.az

Şərhlər