Rusiya “hə” dedi: ATƏT polisi Ukraynaya gəlir

20.10.2016 13:19     Dünyadan reaksiya     1017

Almaniyanın paytaxtı Berlində “Normand dördlüyü” liderlərinin görüşü 5 saatdan çox davam edib.
 
Axar.az xəbər verir ki, Fransa Prezidenti Fransua Olland, Almaniya kansleri Anqela Merkel, Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko arasında görüş bağlı qapılar arxasında keçirilib.
 
Görüşdən sonra açıqlama verən Rusiya Prezidenti Vladimir Putin ATƏT-in Ukraynadakı missiyasının genişləndirilməsinə dair razılığa gəldiklərini deyib:
 
“Görüşdə ATƏT-in Ukraynadakı missiyasının genişləndirilməsinə dair razılığa gəlinib. Eyni zamanda bir sıra humanitar xarakterli məsələlərə də aydınlıq gətirilib. Ancaq bu sahədə irəliləyiş cüzidir”.
 
Ukrayna Prezidenti Pyotr Poroşenko Rusiyanın Donbas regionuna ATƏT-in polis missiyasının yeridilməsinə razılıq verdiyini açıqlayıb:
 
“Minsk razılaşmalarının yerinə yetirilməsi üçün “yol xəritəsi” noyabrın sonuna qədər işlənib hazırlanmalıdır. Bu, həmçinin sərhəd məsələlərinə də aiddir. Hesab edirəm ki, hazırda Normand formatının alternativi yoxdur”.
 
Prezidnetin sözlərinə görə, görüşdə hər hansı bir sənəd imzalanmayıb. Poroşenko bildirib ki, yaxın vaxtlarda “Normand dördlüyü” ölkələrinin XİN rəhbərlərinin görüşü baş tutacaq.
 
Qeyd edək ki, “Normand dördlüyü"nün Ukraynada münaqişənin nizamlanması üzrə ilk görüşü 2014-cü ilin iyununda Fransada baş tutub. 17 saat davam edən ikinci görüş 2015-ci ilin fevralında Minskdə, həmin ilin oktyabrında baş tutan üçüncü görüş isə Parisdə keçirilib.
 
 

Şərhlər