Gülnarə Kərimovanın pulları: 3 ay vaxt verildi

05.11.2016 21:50     Dünyadan reaksiya     1430

ABŞ məhkəməsi 850 milyon dolların taleyini məhkəməsiz çözmək üçün Amerika və Özbəkistan vəkillərinə daha 3 ay vaxt verib.

Bu vəsait Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova-ya mənsubluğu bildirilən ofşor firmalara məxsus olub və korrupsiya şübhəsi üzrə araşdırmalar nəticəsində Qərb banklarında dondurulub.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, ABŞ məhkəməsi "Gülnarə Kərimovanın pulları" ilə bağlı vəkillərə verdiyi vaxt oktyabrın sonunda bitdiyindən, möhlət daha üç ay müddətinə uzadılıb.

Nyu York Federal Məhkəməsi hakimi Endryu Carter Gülnarə Kərimovaya məxsusluğu bildirilən pulların taleyinə qərara vermək üçün aparılan danışıqların vaxtını gələn il yanvarın axırınadək artırıb.

ABŞ məhkəməsi Özbəkistan hakimiyyəti ilə aparılan yarımillik danışıqların nəticəsiz bitdiyini müəyyənləşdirib.

Söhbət İsveçrə bankında dondurulan 550 milyon , eləcə də Belçika, İrlandiya və Lüksemberq banklarındakı hesablarda həbs edilən 300 milyon dollardan gedir.

Daşkənd pulu istədiyi kimi xərcləmək istəyir

Bu ilin yanvarında ABŞ ədliyyəsi Gülnarə Kərimovanı rüşvət yolu ilə varlanmaqda suçlayaraq, onun 600 milyon dollardan çox aktivini dondurub. ABŞ Ədliyyə Nazirliyi bu vəsaiti öz sərəncamına keçirməkdən ötrü qanuni prosedurlara başlayıb.

Ardınca Özbəkistan hakimiyyəti ABŞ Ədliyyə Nazirliyinə müraciət edərək bildirib ki, ölkə böyük korrupsiyaçı dəstənin qurbanı olduğundan, həmin vəsait ölkəyə qaytarılsın.

Bu ilin mayında Nyu York Məhkəməsi ABŞ və Özbəkistan hakimiyyətlərinə 3 ay vaxt verib ki, danışıqlar apararaq, problemi məhkəmədənkənar həll etsinlər. Gülnarə Kərimovanın hesablarındakı 850 milyon dolların taleyini çözmək üçün məhkəmə iyulda daha 3 ay vaxt verib. Oktyabrın sonunda 2-ci müddət də başa çatıb.

AzadlıqRadiosunun Vaşinqtondakı eksperti Mayk Ekkel-in fikrincə, ABŞ dondurulmuş pulların Özbəkistan hakimiyyətinə qaytarılmasına meyllidir, ancaq düşünür ki, bu vəsaiti kiminalacağından, ondan necə istifadə ediləcəyindən, vəsaitin xərclənməsinə nəzarətin kim tərəfindən və necə aparılacağından narahatdır.

Ekspert deyir ki, danışıqlar zamanı Özbəkistan hakimiyyəti vəsaitin qanunla onlara məxsus olduğunu bəyan edir və bildirir ki, rəsmi Daşkəndin vəsaitdən istədiyi kimi yararlanmaq hüququ var.

ABŞ Dövlət Departamenti Gülnarə Kərimovanın pullarının taleyini çözməyi Ədliyyə Nazirliyinə tapşırsa da, burada, hələ ki, məsələ həllini tapmayıb.

"Vəsait müsadirə edilə bilər"

Bu vəsaitlə bağlı ölkələrarası danışıqlarda razılıq əldə olunmasa, ABŞ məhkəməsi pulların müsadirə edilməsinə qərar verə bilər.

Gülnarə Kərimovanın fəaliyyəti ilk dəfə 2012-ci ildə İsveç jurnalistlərini şübhələndirib. Onlar İsveçdəki "TeliaSonera" şirkətinin Özbəkistanda "Ucell" brendiylə fəaliyyət göstərən müəssisəsi ilə bağlı korrupsiya faktlarını üzə çıxarıblar.

Bir il sonra ABŞ və bir neçə Avropa ölkəsi Özbəkistanda iri maliyyə fırıldaqlarını araşdırıblar. Telekommunikasiya şirkəti "TeliaSonera", Rusiyanın "VimpelCom" və "MTC"nin Gülnarə Kərimovanın nəzarət etdiyi ofşor firmalar vasitəsilə şübhəli pül köçürmələri diqqət çəkib.

İndi Gülnarə Kərimovanın nə harada olması, nə də taleyi bilinmir. O, atasının dəfn və yas mərasimində də gözə dəyməyib.Gülnarə Kərimovanın beynəlxalq korrupsiya sövdələşmələri üzə çıxandan bəri ev dustağı olduğu bildirilir.

Şərhlər