Hələbin mərkəzi Bəşər Əsədin nəzarətinə keçdi
08.12.2016 12:07 Dünyadan reaksiya 1293
Bu hadisə Suriya münaqişəsinin taleyini dəyişəcək
Suriyanın hökumət qüvvələri dekabrın 7-də Hələbin mərkəzi - tarixi hissəsini ələ keçirib. Oktyabr ayından başlayan Hələb əməliyyatının əsasən başa çatdığı bildirilir. Hökumət qüvvələri uzun müddətdir davam edən mühasirə nəticəsində şəhərin mərkəzi hissəsini - qədim qala divarlarının və Hələb bazarının yerləşdiyi bölgəni nəzarət altına alıb. Silahlılar cənuba doğru geri çəkilib.
Xəbəri Suriyanın rəsmi agentliyi - SANA yayıb. Eyni zamanda müxaliflərə yaxın Suriya İnsan Haqları Müşahidə Mərkəzi xəbəri təsdiqləyib. Son əməliyyatlarda 11 kv.km ərazidə 42 məhəlləni nəzarətə götürən hökumət qüvvələri ciddi uğur qazanıblar.
Qeyd edək ki, Hələb şəhəri 2012-ci ildə silahlıların əlinə keçib, hökumət qüvvələri yalnız şəhərin qərb bölgəsində qalıblar. Suriyanın şimalında yerləşən Hələbdə müharibəyə qədər 2,3 milyon (ətraf şəhər və qəsəbələrlə birlikdə 4 milyona yaxın - K.R.) əhali yaşayıb, Yaxın Şərqin ən böyük sənaye və tekstil mərkəzlərindən biri olub. Eyni zamanda Suriyanın şimalında əsas yolların üzərində yerləşib və strateji cəhətdən mühüm əhəmiyyət daşıyır. Məhz bu şəhərin müxaliflərin əlinə keçməsindən sonra Bəşər Əsəd Suriyanın şimalında gücünü itirdi. Hələbin yenidən geri qaytarılması ötən ilin payızında Rusiyanın Suriyada hərbi əməliyyatlara qatılması ilə başlayıb. Ruslar hərbi gücü Hələb ətrafında cəmləyib, eyni zamanda Suriya ordusu və Hizbullah silahlıları qurudan şəhərin təmizlənməsi əməliyyatlarını başladıb. Müharibə nəticəsində Hələbin az qala hər məhəlləsi uğurunda döyüşlər gedib, bir zamanlar abad və tarixi şəhər xarabalığa çevrilib.
Hələbin itirilməsi müxalif düşərgəyə ağır zərbədir. Faktiki olaraq Əsədin yenidən şimal ərazilərdə nəzarəti ələ alması anlamına gəlir, çünki Hələbin ardınca digər bölgələr də rahatlıqla ələ keçiriləcək. Artıq Hələbdə hökumət qurumları təmizlənmə işlərinə belə başlayıb. Suriyanın ikinci böyük şəhərinin hökumətin nəzarətinə keçməsi danışıqlar və siyasi həll prosesində də Əsədin mövqelərini gücləndirir. Hətta bir il əvvəlki vəziyyətlə müqayisədə indi Bəşər Əsəd faktiki olaraq Suriyanın böyük hissəsinə nəzarət edir.
Ancaq Hələbin nəzarətə götürülməsinin daha ciddi nəticələri var. Məsələ ondadır ki, Hələbin ələ keçirilməsi daha iki mühüm əhəmiyyət daşıyır. Hələb kimi böyük şəhərin ələ keçirilməsi Bəşər Əsədə qarşı savaşan qüvvələri zəiflədib. Faktiki olaraq müxalif qüvvələr parçalanıb. Üstəlik, artıq Hələbin itirilməsi ilə bağlı müxalif qruplar arasında qarşılıqlı ittihamlar başlayıb. İslamçı qruplaşmaların üzvləri Azad Suriya Ordusunu Hələbdəki mövqelərini hökumətə təhvil verməkdə günahlandıraraq satqınlıqda ittiham edib. Çox güman ki, Hələbin itirilməsi müxaliflər arasındakı birliyi də sarsıdacaq.
Hələb əməliyyatının daha bir özəlliyi beynəlxalq siyasətlə bağlıdır. Hələbin təmizlənməsi bütövlükdə Suriya hakimiyyətinin deyil, Rusiya, İran, Hizbullah və qismən də Çinin qələbəsidir. Məhz Putin Hələbin taleyini dəyişdi. Yeri gəlmişkən, ötən gün Hələbdə daha bir rus hərbi “məsləhətçi” polkovniki öldürüldü.
Dekabrın 6-da məlum oldu ki, Rusiya və ABŞ arasında Hələbin boşaldılması ilə bağlı anlaşma olub. Ancaq anlaşmadan sonra İspaniya, Yeni Zelandiya və Misir Hələbdə bir həftəlik atəşkəs təklifi ilə çıxış ediblər. BMT TŞ-də müzakirə olunan qərar Rusiya və Çinin vetosu nəticəsində keçməyib. Bundan sonra Vaşinqton elan edib ki, Hələb anlaşmasından imtina edir. Ancaq bu dəyişiklik Hələbdəki savaşa təsir etməyib.
Hazırda Rusiyada səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım “RİA Novosti”yə verdiyi açıqlamada Suriya münaqişəsinin həlli ilə bağlı Rusiya və Türkiyənin yanaşmasının yaxın olduğunu deyib. Sitat: “Şübhəsiz ki, bu mərhələdə bir-birimizi daha öncə olmadığı qədər yaxşı anlayırıq. Suriya münaqişəsinin həlli ilə bağlı ortaq mövqeyə sahibik”.
Bu gəlişmədən belə məlum olur ki, Qərb Hələb və ümumilikdə Suriya mövzusunda anlaşmaya getməyə meyllidir. Və bu zaman müxalifləri nəzərə almır. Hələblə bağlı anlaşma sonradan pozulsa da. Belə bir razılaşmanın olması Qərb ölkələrinin artıq Suriyada münaqişənin bitməsi üçün addımlar atmağa hazır olduğunu göstərir. Sadəcə, hər tərəf daha çox qazanclı çıxmağa çalışır.
Şərhlər