Rəsmi Ankara: “Azərbaycan Fələstin probleminin həllinə müsbət töhfələr verə bilər”

13.12.2016 12:38     Dünyadan reaksiya     1384

Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hüseyn Müftüoğlu İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinə münasibət bildirib.

Publika.az-a eksklüziv açıqlamasında deyib ki, müsəlman ölkələri arasında Azərbaycan İsraillə ən yaxın əməkdaşlıq edən ölkələrdən biridir:

“Azərbaycan zaman-zaman İsrail və Fələstin arasında mövcud olan problemin həllində vasitəçi olmaq istəyini dilə gətirib. Düşünürəm ki, bu çox əhəmiyyətli addımdır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvü olan müsəlman ölkəsi kimi Fələstin məsələsinin həllinə səy göstərir. Türkiyə olaraq biz də qardaş Azərbaycanın Fələstin məsələsinin həlli ilə bağlı bu səylərini alqışlayırıq. Azərbaycanın atdığı bu cür addımlara dəstək veririk. Eyni zamanda arzu edirik ki, Türkiyə və Azərbaycan kimi, digər İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr də Fələstin probleminin həllinə öz töhfələrini versinlər. Çünki Fələstin məsələsi Yaxın Şərqdə mövcud olan İsrail-ərəb problemlərinin başında dayanır”.

H.Müftüoğlu qeyd edib ki, Qəzzada baş verən hadisələr Türkiyəni narahat etməyə bilməz:

“Ona görə də biz çox istərdik ki, İsrail və Fələstin arasında əbədi sülh münasibətləri yaransın. Bu sülhün əldə olunması üçün İsrailin özünə dost bildiyi müsəlman ölkələrinin də ciddi rolu ola bilər. Bu ölkələrdən biri də Azərbaycan hesab olunur. Bu baxımdan da qardaş Azərbaycan Fələstin probleminin həllinə müsbət töhfələr verə bilər. Biz Benyamin Netanyahunun Azərbaycana səfəri zamanı bu məsələnin müzakirə olunmasını da fürsət kimi görürük”.

Şərhlər