Rusiya bu dəhşətli terroru cavabsız qoymayacaq

20.12.2016 13:36     Dünyadan reaksiya     1146

Dmitri Medvedyev: "Bu cinayətin təşkilində kimin əli varsa, hamısı bunun hesabını verəcək"

Rusiyanın baş naziri Dmitri Medvedyev Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun silahlı hücum nəticəsində öldürülməsi ilə bağlı açıqlama verib. O deyib ki, sadəcə Rusiya səfirinə deyil, özündə yüksək dəyərləri ehtiva edən sülhün və insan həyatının tərəfdarı olanlara atəş açıblar.
Rusiyanın baş naziri Medvedyev sosial mediadakı hesabından verdiyi açıqlamada, Karlova qarşı sui-qəsdin dəhşətli cinayət olduğunu deyib. Karlovun foto sərgisinin açılışında türk dostlarına Rusiyanın işbirliyi, dostluq, yardım, sülhü qoruma və beynəlxalq terrorizmlə mübarizəsindən danışarkən vurulduğunu ifadə edən Medvedev deyib: "Andrey Karlovun silahı nitqi idi. Lakin qatil başqa dildə danışdı və bu dil Andrey Karlovun həyatı boyu dəyərlərini qoruduğu normal insanların qəbul edə biləcəyi bir dil deyildi. O, qəhrəman kimi həyatını itirdi".

Baş nazir qeyd edib ki, beynəlxalq qanunvericiliyə görə, səfiri öldürmək beynəlxalq normalardan kənar, çox ciddi cinayətdir: "Rusiya bunu cəzasız qoymayacaq. Bu cinayətin təşkilində kimin əli varsa, hamısı bunun hesabını verəcək. Sadəcə Rusiya səfirinə atəş açmadılar. Özündə yüksək dəyərləri ehtiva edən sülhün və insan həyatının tərəfdarı olanlara atəş açdılar". Qeyd edək ki, ötən gün, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov silahlı basqına məruz qalıb.

Hadisə Ankarada müasir sənətlər mərkəzindəki bir rəsm sərgisinin açılışında baş verib. Hadisəni törədən şəxs atəş açmadan öncə, uca səslə "Hələbdə baş verənlərin intiqamını alacağıq" deyə qışqırıb və ardından səfirə atəş açmağa başlayıb. O, türkcə danışırmış. 25 yaşlarında olan naməlum şəxs polis vəsiqəsi ilə zala daxil olduqdan sonra, səfirin üz nahiyəsinə 3-4 dəfə atəş açıb. Ağır yaralı olan səfir təcili xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, silahlı hücumu Türkiyənin Aydın vilayətindən olan 1994-cü il təvəllüdlü, Ankara Cevik Polis Alayında xidmət edən Mövlud Mətin Altıntaş törədib. Çevik polisin müdaxiləsi nəticəsində səfiri vuran şəxs öldürülüb.
 

Şərhlər