Berlindəki qırğının yeni təfərrüatları

20.12.2016 15:48     Dünyadan reaksiya     946

AZƏRTAC Berlindəki faciənin yeni təfərrüatlarını yayıb. Dekabrın 19-u saat 20 radələrində Milad bazarında yük maşınını insanların üstünə sürüblər. Mərkəzi meydanların birində yerləşən bazarda minlərlə adam olub. Yük maşını insanları əzə-əzə, ticarət çadırlarını dağıda-dağıda 50-80 metr gedib. 12 nəfər həlak olub, 48 nəfər xəsarət alıb.
 
Maşının kabinəsində iki nəfər olub. Polis sərnişin yerində əyləşən adamı ölmüş vəziyyətdə aşkar edib. Onun Polşa vətəndaşı olduğu bildirilir, ölümünün səbəbi hələ açıqlanmır.
 
Yük maşınının sürücüsü isə maşından düşüb gizlənməyə çalışıb, polis onu hadisə yerindən iki kilometr aralıda saxlayıb. İlkin məlumatlara əsasən, o, pakistanlıdır, Almaniyaya 2016-cı ilin fevral ayında qaçqın kimi gəlib.
 
Maşın Ariel Juravskinın Polşadakı firmasına məxsus olub. Firma sahibi bildirib ki, yük maşını İtaliyadan Berlinə polad konstruksiyalar daşıyıb. Sükan arxasında Ariel Juravskinın yaxın qohumu olmalı imiş, lakin dekabrın 19-u saat 16-dan onunla əlaqə kəsilib. Maşının oğurlanması və terrorçuların əlinə keçməsi istisna olunmur.

Şərhlər