Polşada böhran: Avropada ilk inqilab cəhdi, yoxsa şişirdilmiş siyasi qarşıdurma? - - TƏHLİL
26.12.2016 21:11 Dünyadan reaksiya 1118
Deyəsən, Polşada parlament böhranı tədricən öz həllini tapmaq üzrədir. Çoxlarını artıq belə bir sual maraqlandırır: Bu nə idi - Avropada ilk inqilab cəhdi, yoxsa bir az şişirdilmiş siyasi qarşıdurma? Parlamentdə pat vəziyyəti Hər şey dekabrın 16-da Polşanın aşağı palatasında - Seymdə başlanıb. Burada müxalifət nümayəndələri faktiki olaraq Seymin işini bloklayıblar. Nəticədə 2017-ci ilin dövlət büdcəsi üzrə müzakirə və səsvermə binanın digər zalında keçirilib. Müxalifət dərhal bu səsverməni qanunsuz elan edib. Bundan əlavə Seymin iclas salonunun müxalifət tərəfindən zəbt edilməsi fonunda jurnalistlərin binaya buraxılışı müvəqqəti olaraq dayandırılıb. Bütün bunlar, yəni büdcənin müxalifətin fikrincə qeyri-qanuni şəraitdə qəbul edilməsi və jurnalistlərlə bağlı qərarı əsas götürərək Demokratiyanın Müdafiəsi Komitəsi və bir sıra radikal müxalifət partiyaları Seymin binası qarşısında mitinq keçirib və binadan çıxışları bağlamağa cəhd ediblər. İctimai asayişi təmin etmək və insidentlərə yol verməmək üçün binaya polis qüvvələri çağırılıb, nəticədə hər hansı qarşıdurma baş verməyib. Qarşıdurma niyə inqilaba çevrilmədi? Yaranmış durum ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bəzilərin fikrincə, hakimiyyət həqiqətən demokratiyanın əsaslarını pozub, digərlərin fikrincə isə, müxalifət ictimai qarşıdurma yaratmağa çalışıb. Hər halda Seymin binası qarşısında keçirilən mitinq irimiqyaslı aksiyaya çevrilməyib. Bunun əsas səbəblərdən biri hakimiyyət nümayəndələrin, o cümlədən ölkə prezidentinin prosesə müdaxiləsi olub. Siyasi və ictimai asayişi təmin etməyə istiqamətlənən bir neçə çıxış və bəyanatlar, o cümlədən prezidentin, baş nazirin və Seymin spikerinin çıxışları vəziyyətə tam aydınlıq gətirməsə də, qarşıdurma ehtimalını sıfıra endirib. Mitinq bir neçə gün davam edib, amma tədricən burada iştirak edənlərin sayı azalıb. Vəziyyəti sağlamlaşdırmağa həmçinin bəzi real addımlar da dəstək olub. Belə ki, ilk növbədə jurnalistlərin Seymin və yuxarı palata olan Senatın binalarına girişi bərpa edilib. Bundan əlavə prezident Andjey Duda Seymin spikerinə məktub göndərərək dekabrın 16-da büdcə ilə bağlı yaranmış vəziyyəti izah etməyə çağırıb . Prezident səsvermə zamanı kvorumun olması və bu kimi məsələlərə aydınlıq gətirməyi xahiş edib. Təhlükəsizlik orqanlarının sabiq əməkdaşlarının pensiyaları azaldılır Qeyd edək ki, paralel olaraq Senatın binası qarşısında da mitinq keçirilməsi cəhdi olub, hətta keçirilib də, amma bu mitinqə qatılanlar çox az olub. Hazırda Nazirlər Kabineti və parlament öz gündəlik işini normal qaydada davam etdirir. Məsələn, bir neçə qanun tövsiyə və qəbul edilib, Nazirlər Kabineti “Antidopinq qanunu”nu bəyənib, Senat isə təhlükəsizlik orqanlarının keçmiş əməkdaşlarının pensiyalarının azaldılmasını nəzərdə tutan qanunu müzakirə və qəbul edib. Sonuncu qanun yenə də müxalifəti canlandırıb, bunu əsas götürərək yeni mitinqlər keçirməyə cəhd edilib, amma bu tədbirlər geniş miqyas almayıb. Qeyd edək ki, bu qanun da ictimaiyyət arasında birmənalı qarşılanmayıb, amma təhlükəsizlik orqanlarının keçmiş əməkdaşlarının hamı kimi pensiya almasının tərəfdarları daha çoxdur. Polşada polis nəzarəti: Parlament böhranı, yoxsa, antiterror tədbirləri? Hazırda Polşada vəziyyətin tam normallaşdığını söyləmək olar, yeganə dəyişməyən amil odur ki, parlamentin ətrafında polis nəzarəti hələ də qalır. Bu, həmçinin Berlində baş vermiş dəhşətli terror aktı ilə izah olunur. Qeyd etmək lazımdır ki, təhlükəsizliyin təmin edilməsi üçün Polşanın iri şəhərlərində, xüsusən də Varşavada polis qüvvələrinə hərbi jandarmeriya da yardım edir. Bu parlamentlə bağlı məsələyə görə deyil, antiterror tədbirləri çərçivəsində həyata keçirilir. Dekabrın 16-da jurnalistlərin binaya buraxılmaması parlamentin katibliyi tərəfindən onunla izah olunub ki, müxalifətin hərəkətləri nəticəsində faktiki olaraq fövqəladə vəziyyət yaranıb, belə vəziyyətdə isə fövqəladə qərarlar qəbul edilə bilər. Xüsusən də əgər söhbət ictimaiyyətdə qarşıdurmaya çağırışlar kimi qiymətləndirilə bilən hərəkətlərdən gedirsə. Ümumilikdə, vurğulamaq lazımdır ki, parlament böhranı zamanı radikal müxalifət istisna olmaqla, vətəndaş qarşıdurmasına yol verməmək və danışıqları aparmaq çağırışlar səslənib və hələ də səslənməkdədir. Hətta bəzi politoloqlar təklif edir ki, büdcə üzrə səsvermə yenidən keçirilsin, amma parlamentdə səs çoxluğu hakim “Hüquq və Ədalət” partiyasına məxsus olduğuna görə, aydındır ki, nəticə eyni olacaq. Faktiki demək olar ki, yaranmış vəziyyət yalnız onun nəticəsidir ki, parlamentdə hakim partiya səs çoxluğuna malikdir. Müxalifət faktiki olaraq, ciddi qərar və qanunların qəbuluna mane olmaq imkanından məhrumdur. Polşada niyə rəngli inqilab baş verə bilməz? Amma məsələ ondan ibarətdir ki, parlament böhranı adlanan bu durumun ilk mərhələsində hadisələrin vətəndaş qarşıdurmasına qədərə gətirib çıxaracağı ehtimalı yaranıb. Hakim partiyasının və hökumətin ayıq bəyanatları, “Vətəndaş Platforması” partiyası kimi ciddi müxalifət güclərinin radikal müxalifətin məsuliyyətsiz çağırışlarına qoşulmaması kimi amillər buna imkan verməyib. Təhlükəli ehtimaldır, amma prosesə dərhal kənar bir qüvvə qoşulsaydı və ya belə qüvvə əvvəldən təşəbbüskar kimi çıxış etsəydi, nəticələr ağlasığmaz ola bilərdi. 5-6 il əvvəl Tunisdə inqilabın nədən başladığı hər kəsin yadındadır, küçədə meyvə-tərəvəz satışı ilə məşğul olan şəxsin özünü yandırması sonda hakimiyyət dəyişikliyinə kimi aparıb çıxarmışdı. Əlbəttə ki, bu fakt yalnız təkan olub, inqilabın dərin siyasi, iqtisadi və sosial səbəbləri vardı. Buna görə, çətin ki, Polşada buna oxşar ssenari üzrə nə isə həyata keçirmək mümkün olsun. Çünki ölkənin iqtisadi durumuna görə inqilab etmək istəyən hipotetik inqilabi kütlənin həcmi çox kiçikdir. Və ya ümumiyyətlə yoxdur. İqtisadi fonda sıfıra enmiş potensial inqilabi kütlə Məsələn, son iqtisadi-sosial göstəricilər onu göstərir ki, ölkədə ciddi qarşıdurmalarla müşayiət olunacaq proseslər üçün fon mövcud deyil. İlk növbədə söhbət ondan gedir ki, ev təsərrüfatların gəlirləri və xərcləri 5-7% artıb, işsizlik isə 8 faizə düşüb. Eyni zamanda hökumət tərəfindən həyata keçirilən “500+” proqramı çərçivəsində bu il ərzində 12 mlrd. zlotı (təxminən 3 mlrd. dollar) paylanılıb. Qeyd edək ki, bu proqram hər ailəyə ikinci və sonrakı uşağa hər ay 500 zlotı ödənilməsini nəzərdə tutur. Faktiki olaraq, bütün politoloqlar hesab edir ki, ölkədə potensial inqilabi kütlə çox aşağı səviyyədədir. Lakin eyni zamanda qeyd edilir ki, hakim partiyası son hadisələrdən bir neçə dərs çıxarmalıdır, daha dəqiq bir neçə amili nəzərə almalıdır. Söhbət ondan gedir ki, ictimaiyyətdə maliyyə-iqtisadi vəziyyətdən başqa hakimiyyətin etik davranışına da fikir verilir ki, yəni “geriyə baxmadan” hərəkət edilmə yolverilməzdir. Qeyd edək ki, indiki böhran zamanı bu müşahidə olunmayıb, hakimiyyət sərtlik nümayiş etdirməyib, bəzi qərarlar (məsələn, jurnalistlərin buraxılması məsələsi) tez bir zamanda ləğv olunub və bundan başqa hadisələrə dərhal reaksiya verilib. İctimaiyyət üçün məhz bu kimi addımlar müsbət və sakitləşdirici xarakter daşıyır. Hakim partiyadan müxalifət liderinə əlavə səlahiyyətlər təklifi Buraya həmçinin dekabrın 21-də hakim partiyanın lideri Yaroslav Kaçinski, baş nazir Beata Şidlo, Seymin spikeri Marek Kuxçinski və Senatın spikeri Stanislav Karçevskinin birgə mətbuat konfransı keçirməsini də əlavə etmək olar. Əsas fabula ondan ibarət olub ki, “Hüquq və Ədalət” Partiyası qarşıdurmada iştirak etməyən bütün müxalifət qüvvələrlə əməkdaşlığa hazırdır. Hətta parlamentin işində bəzi dəyişiklərlər də mümkündür. Söhbət, məsələn, müxalifətin lideri üçün müəyyən hüquq və səlahiyyətlərin verilməsindən gedir. Bəzi Avropa ölkələrində mövcud olan bu praktikanın Polşa parlamentində də tətbiqi ehtimalı var. Yaroslav Kaçincki Böyük Britaniyanı misal gətirərək göstərib ki, bu ölkədə hər beşinci parlament iclası müxalifətin gündəliyi əsasında keçirilir. Kaçinki deyib ki, Polşada da müxalifət bütün hüquq və səlahiyyətlərlə təmin edilməlidir ki, konstruktiv tənqid, fərqli fikirlər sərbəst ifadə edilə bilsin. Partiya rəhbəri həmçinin bəyan edib ki, tədbirdə baş nazirin və parlamentin hər iki palatanın rəhbərlərin iştirakı onu göstərməlidir ki, müxalifətə hakimiyyətin hər qolu üzrə “əl uzadılır”. Əsas odur ki, hakim partiya növbəti dəfə mövqeyini ifadə edib - parlamentdə yaranmış pat vəziyyəti qəbuledilməzdir və cəmiyyətdə hər hansı qarşıdurmaya yol verilməməlidir
Şərhlər