Çin Rusiyanın içinə sızmağa çalışır
07.03.2017 13:34 Dünyadan reaksiya 1290
Şimal dövlətinin ucsuz-bucaqsız ərazilsi və seyrək əhalisi millyard yarımlıq çinlilərə cəlbedici görünür
Çin və Rusiya Avrasiyanın ən qüdrətli iki dövlətidir. İdarəçilik sistemi baxımından hər iki dövlət demokratik qaydalardan uzaq olduğu üçün bir çox məsələlərdə, o cümlədən Qərbin liberal-demokrat ekspansiyasına qarşı birgə cəbhə ala bilirlər. Bu səbəbdən müəyyən strateji sahələrdə iki imperiyanın maraqları üst-üstə düşür.
Lakin bu ümumi düşmənə, Qərbə və onun demokratik ideyalarına qarşı belədir. Əslində isə iki dövlət arasında dərin və həll edilməyən bir çox problemlər var. Çünki Avrasiya regionunda liderlik artıq Rusiyanın monopoliyasında deyil. Çin həm iqtisadiyyatı, həm də hərbi gücü etibarı ilə özü şimal qonşusunu bir çox parametrlərlə qat-qat qabaqlayır.
Bu isə qoca qitə imperiyalarının köhnə xəstəliyi sayılan “ərazi genişlənməsi” prinsipini aktual şəkildə gündəmə gətirir. Milyard yarımlıq əhalisi olan Çin indi Rusiyanın torpaqlarına göz dikib.
“XIX və XX əsrlərdə Çin və Rusiyanı bir-birinə düşmən edən ərazi münaqişələri 1990-cı illərdə bitmiş kimi görünürdü. Lakin Çində irredentizmin (millətçiliyin formalarından biri, milləti vahid dövlət çərçivəsində birləşdirmək cəhdi-red.) dirçəlişi Rusiyada narahatlıq doğurmaya bilməz”,- fransız ekspert Jan-Pyer Rişar atlantico.fr-də yazır.
“Çin hazırda şimal hüdudlarında rəsmi olaraq Rusiyaya qarşı ərazi iddiası irəli sürmür. Çinin Rusiya ilə 1989-cu ildən bu yana formalaşan və 1996-cı ildə imzalanmış və təhlükəsizlik problemlərini ehtiva edən Şanxay müqaviləsi ilə dərinləşən münasibətlərə malikdir. Sonuncu ərazi mübahisəsi, 10 il öncə Rusiyanın Çinə Xabarovska yaxın Amur çayında bir neçə adanı güzəştə getməsindən sonra nizama salınıb” - məqalədə qeyd olunub.
“Hər halda Çinin şimal qonşusuna tarixi ərazi iddiaları hələ də qalmaqda davam edir. Hələ SSRİ ilə qızğın mübahisə çağında Pekin 2 milyon kv.km-lik ərazinin ona geri verilməsi tələbini irəli sürürdü”, - müəllif qeyd edir.
Jan Pyer Rişar Çinin ərazi genişlənməsini artıq başqa üsullarla həyata keçirdiyini yazır.
“Çin şimal sərhədlərində yerləşən 3 dövlətə (Rusiya, Monqolustan, Qazaxıstan) iqtisadi və demoqrafik metodlarla, həm leqal, həm də qeyri-leqal yollarla daxil olmaqda davam edir. Monqolustanda Çin müəssisələri ölkə iqtisadiyyatını ələ alıb. Çinlilər tərəfindən böyük torpaq ərazilərinin alınması isə ölkənin gələcəkdə təhlükəsizliyi baxımından böyük təhdidlər yaradır.
Böyük təbii sərvətlərə malik Qazaxıstanda artıq iqtisadi müstəmləkə prosesinə start verilib. Çin şirkətləri energetika sahəsində çalışan qazax firmalarını həvəslə almaqda davam edirlər. Bundan başqa, Qazaxıstanın Çinlə sərhəddə böyük azad iqtisadı zona qurulması gündəmə gətirilir.
Çin Qazaxıstanda kənd təsərrüfatı məqsədli milyonlara hektarlıq torpaq ərazilərini alaraq buraya çinli kəndliləri yerləşdirmək üzərində iş aparır.
Hələ ki, Çinin bu cür cəhdlərinin qabağı Astana hökuməti tərəfindən birtəhər alına bilir”, - müəllif qeyd edir.
“Rusiyada isə Çinin müdaxiləsi müxtəlif formalarda həyata keçrilir. On minlərlə çinli çox vaxt qeyri-leqal olaraq Rusiyanın Çinlə sərhəd olan bölgələrinə yerləşməkdə davam edir. Rusiya hakimiyyəti də buna göz yumur.
Çinlilərin bir çoxu yerli qadınlarla evlənir və artıq böyük şəhərlərdə nəhəng Çin bazarları, hətta “Çin məhəllələri” peyda olub.
Bir çox Çin müəssisəsi Vladivostok ətrafında toplanmağa başlanıb. Bundan başqa, Çinin şəhərin və onun limanın bir hissəsini icarəyə götürməklə bağlı planları da mövcuddur”, - məqalədə göstərilir.
Jan Pyer Rişar Moskvanın təhlükənin fərqinə vardığını düşünür:
“Rusiya öz insan ehtiyatlarından istifadə etməklə kənd təsərrüfatı sahəsində əlverişli şəraitin yaradılması üçün tədbirlər görməyə başlayıb.
Bunun üçün Çinlə enerji və nəqliyyat, habelə Sibirin təbii ehtiyatlarının emalı sahəsində böyük firmalarının iştirakı ilə müqavilələr imzalanıb.
Lakin bu müqavilələr həmişə bir əngələ ilişir. Belə ki, Çin tərəfi bu sahəyə sərmayə qoyuluşu və texnologiya ilə təminatdan əlavə öz işçi qüvvəsini də cəlb etmək istəyir ki, bu da əsl problem yaradır.
“Kreml Çinin uzunmüddətli perspektivdə hansı təhlükələr törədə biləcəyini dərk edir. Bu səbəbədən Avrasiyanın iki nəhəngi arasında faktiki alyans yalnız müvəqqəti xarakter daşıya bilər”, - müəllif fikrini yekunlaşdıraraq belə bir nəticəyə gəlir.
Şərhlər