ABŞ Əfqanıstanı itirmək üzrədir
15.03.2017 15:55 Dünyadan reaksiya 1424
Senatorlar həyəcan təbili çalırlar
Yaxın Şərqdə, xüsusilə Suriya və irqada baş verən hadisələr dünya sivilizasiyası üçün həssas nöqtələrdən biri sayılan bir bölgəni-Əfqanıstanı diqqətdən kənarda qoyub.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın öndə gələn siyasətçiləri Əfqanıstandakı situasiya ilə bağlı həyəcan siqnalı çalmağa başlayıblar.
“2001-ci ilin sentyabrın 11-də Əfqanıstanda yerləşən Taliban rejimi altında fəaliyyət göstərən “Əl Qaidə” terrorçuları ABŞ torpağında 3 min günahsız vətəndaşımızı qətlə yetirdilər. Buna cavab olaraq ABŞ və NATO orduları günahkarları cəzalandırmaq, habelə Əfqanıstanın terror yuvasına çevrilməsinə imkan verməmək məqsədilə orada savaşdılar.
Həmin vaxtdan bu yana 2 min ABŞ və mindən çox NATO əsgəri bu missiyanı yerinə yetirmək uğrunda həyatlarını qurban veriblər”, - ABŞ Senatının silahlı qüvvələr üzrə daimi komissiyasının sədri Con Makkeyn və həmin komissiyanın üzvü Lindsi Qremin The Washington Post qəzetindəki məqaləsində belə deyilir.
“Lakin müharibənin başlamasından bu yana Əfqanıstanda fəaliyyət göstərən ABŞ və koalisiya qüvvələrinin komandanı general Con Nikolson Senatın silahlı qüvvələr üzrə komitəsində verdiyi məruzədə hərbi kampaniyanın dalana dirəndiyini söyləyib”, - məqalədə qeyd olunur.
“Prezident Tramp və onun administrasiyası Əfqanıstana İŞİD-lə mübarizə kimi təcili həll edilməli vəzifə kimi baxmalıdır. Əks təqdirdə bu dalan strateji məğlubiyyətə dönəcək”, - müəllif senatorlar yazıb.
Məqalədə “Əl-Qaidə”nin intiharçı terrorçular tərəfindən törədilən terror aktlarında yüzlərlə insanın həlak olduğu vurğulanır.
“General Nikolson da Əfqanıstanın qanuni hökumətinin ölkə ərazisinin sadəcə 57%-nə nəzarət etdiyini təsdiqləyir. Halbuki keçən il bu rəqəm 72% təşkil edirdi”, - deyə məqalədə qeyd olunur.
“Əlbəttə ki, Əfqanıstan hökuməti öz ölkəsini bizim ortaq düşmənimizdən qorumaq üçün fədakarlıqla mübarizə aparır. Lakin biz də anlamalıyıq ki, Birləşmiş Ştatlar öz ölkəsinə hücum təşkil edən terrorçu düşmənlərinə və onların ideoloji vərəsələrinə qarşı əlindən gələni etməlidir”, - Makkeyn və Qremin məqaləsində vurğulanır.
“Çox təəssüf ki, son illərdə biz Əfqanıstanda xidmət göstərən hərbçilərimizin əlllərini və qollarını bağlamışıq. İldən-ilə ABŞ rəhbərliyinin siyasəti nəticəsində burada mövcud hərbi birliklərin sayı azaldılır. Biz sayıqlığımızı itirən zaman nələr baş verdiyini açıq şəkildə görə bilirik. Qarşımızda duran təhdidlər olduqca realdır. Ortaya isə əfqan xalqının həyatı və regiondakı sabitliyin bərqərar olması, habelə ABŞ-ın milli təhlükəsizliyinin təminatı kimi həyati önəm kəsb edən məsələ qoyulub”, məqalə müəllifləri qeyd ediblər.
Şərhlər