ABŞ Senatının komitəsində Putinin varidatına dair müzakirə

17.03.2017 13:50     Dünyadan reaksiya     1275

“Onun sərvəti o qədər böyükdür ki, onların dondurulması iqtisadi böhrana səbəb ola bilər”

ABŞ Senatının bank komitəsi Krımın işğalına və Ukraynanın şərqində törətdiyi münaqişəyə görə Rusiyaya qarşı sanksiyaların nə dərəcədə effekt verdiyini yoxlayıb.

Musavat.com-un “Amerikanın səsi” radiosuna istinadən verdiyi xəbərə görə, Senatdakı dinləmələr zamanı senator Mayk Krapo (Aydaho ştatı-red.) Moskvaya qarşı sərt iqtisadi və viza tədbirlərinin 2014-cü ilin martından tətbiq olunduğunu xatırladıb.

Onun sözlərinə görə, hazırda adı Ukraynadakı cinayətlərə, insan hüquqlarının kütləvi şəkildə pozulmasına, ABŞ-a qarşı kiberhücumlar təşkil etməyə qarışmış Rusiyaya məxsus 520 müəssisə, kommersiya şirkəti və mülki şəxslər ABŞ Maliyyə nazirliyinin sanksiya siyahısına düşüb.

Dinləmələrə dəvət olunan ekspertlər tətbiq olunan sanksiyaların Rusiya iqtisadiyyatına neqativ mənada böyük təsir göstərdiyini qeyd etsələr də, əsl zərbənin neft qiymətlərinin birdən-birə düşməsi sayəsində vurulduğunu bildiriblər.

Məhz bunun nəticəsində Kreml təhsil, səhiyyə və bir çox sosial proqramların maliyyələşdirilməsində böyük ixtisarlara getməyə məcbur olub. Bundan başqa, ölkənin valyuta ehtiyatı fondu xeyli azaldılıb, sanksiya siyahısına düşən şirkətlər isə öz dəyərlərinin yarısını itiriblər.

Ekspert rəylərinə əsasən, sanksiya altına düşən Rusiya firmalarının sayı Maliyyə nazirliyinin siyahısında olanları qat-qat üstələyir.

Analitiklər bu siyahıda adı düşən fiziki şəxslərin birbaşa 584 şirkətə, dolayısı yolla isə 2000-dən çox müəssisəyə nəzarət etdiyini söyləyirlər.

Rusiyanın tətbiq etdiyi əks-sanksiyalar isə nə ABŞ, nə də Qərbi Avropa iqtisadiyyatına ciddi təsir göstərməyib və bu “zərər” sadəcə 0,2% nisbətində qiymətləndirilir.

Buna baxmayaraq, ABŞ-ın təhlükəsizlik sahəsində aparıcı ekspertlərindən biri sayılan Elizabet Rozenberqin dinləmələrdə bildirdiyinə görə, Rusiya iqtisadiyyatı yenə dünyanın ən böyüklərindən biri qalmaqda davam edir. Sanksiyalar nəticəsində vurulan itkilər isə Moskvaya nə Suriyada hücumlar təşkil etməsinə, nə də ABŞ və Qərbi Avropaya qarşı kiber hücumları həyata keçirməsinə mane ola bilib.

Bir sıra ekspertlər Rusiya dövlətinə təzyiqin gücləndirilməsinin və sanksiya siyahısının genişləndirilməsinin ciddi nəticə verə biləcəyinə inanmadıqlarını söyləyiblər. ABŞ Maliyyə nazirliyində sanksiya siyasəti ilə məşğul olan, həmçinin Demokratiyanın müdafiəsi Fondunun baş müşaviri Erik Loberin fikrincə, hətta bəzi sanksiyaların ləğvi məsələsi gündəmə gələ bilər.

“Hazırda Rusiya Minsk sazişlərini bir bəndini belə icra etməyib. Bu vaxta qədər işğal olunan ərazilər Ukrayna tərəfinə qaytarılmayıb, ağır texnika və silahlar bölgədən çəkilməyib, Krım Ukraynaya geri verilməyib. Hər halda məhz Minsk sazişi

Rusiyaya təzyiq çün olduqca rahat vasitədir”, - Lober Senatdakı dinləmələrdəki çıxışında bildirib.

Lober son üç ildə Rusiya məmurlarının və iri biznesmenlərin sanksiyaların ləğvi üçün ciddi addımlar atdığını qeyd edib. “Rusiya həqiqətən Minsk razılaşmalarını yerinə yetirməyə başlasa bunlardan bəzilərini ləğv edə bilərik”.

Senator Con Kennedi (Luiziana ştatı-red.) isə “şəxsən Vladimir Putinə məxsus aktivlərin dondurulması”nın daha effektli ola biləcəyi ehtimalını irəli sürüb.

Ekspertlərin rəyinə görə, Rusiya prezidenti həqiqətən olduqca varlıdır və onun sərvəti onlarla milyardlıq dollarla ölçülür. 
“Həm Maliyyə nazirliyində, həm də özümüzdə olan informasiyalar belə bir nəticəyə gəlməyə imkan verir ki, Putin və onun yaxın çevrəsinə daxil olan biznesmenlər Nyu-York, San-Antonio və Mayamidə daşınmaz əmlaka böyük miqdarda sərmayə yatırıblar”, - dinləmələrdə iştirak edən Elizabet Rozenberq qeyd edib.

Rozenberq ABŞ hakimiyyətinin Rusiya liderinin maliyyə aktivlərinə həbs qoya bilmək iqtidarında olduğunu bildirsə də, senatorları bu cür addımlar atmaqdan çəkinməyə çağırıb.

“Şəxsən Vladimir Putinin özünün və onun yaxın bağlantıları olan şəxslərin nəzarət etdiyi maliyyə vəsaiti o qədər böyükdür ki, bu aktivlərin həbsi və ya dondurulması Avropanın maliyyə bazarlarında fəlakətə səbəb ola və ABŞ-ın bank biznesində olduqca ağrılı nəticələr doğura bilər”, - Elizabet Rozenberq çıxışında söyləyib.

Reaksiya.az

Şərhlər