Dünya nüvə silahından qurtulmaq üçün toplanır:
27.03.2017 13:58 Dünyadan reaksiya 1209
Bu gün Nyu-York şəhərində BMT-nin təşəbbüsü ilə 110-dan çox dövlətin rəsmi nümayəndəsi nüvə silahının dünyada total şəkildə qadağan olunmasını müzakirə etmək üçün toplanacaq.
Toplantıya dünyanın ən güclü dövlətlərinin qatılması gözlənilmir. Ən azından Rusiya, ABŞ və Çin rəsmilərinin bəyanlarından belə görünür.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Yorkda iki raunddan ibarət keçiriləcək tədbirdə BMT-nin nüvə silahının ləğvi haqqında konvensiyasının müddəalarının işlənib, hazırlanması müzakirə olunacaq.
Bu qərar BMT Baş Assambleyasının 23 dekabr 2016-cı il tarixli müvafiq qətnaməsində öz əksini tapıb. 113 ölkə qətnamənin lehinə, 35-i isə əleyhinə səs verib. 13 ölkə bu məsələdə bitərəflik nümayiş etdirib.
Qətnaməyə qarşı çıxanlar arasında Rusiya Federasiyası da var. Rusiya bugünkü tədbirdə də iştirak etməyəcəyini açıqlayıb.
“Rusiya nüvəsiz dünya qurulması barədə bütün fikirlərə şərikdir. Lakin bu hədəfə dərrakə ilə, mərhələli şəkildə və bütün şərtlərin nəzərə alınması ilə yanaşmaq lazımdır. Hazırkı dövrdə isə bu, real görünmür. Onlar tərəfindən təklif olunan fəaliyyət proqramı bizə cəhənnəmə yol açan xoş niyyətləri xatırladır”, - RF Xarici İşlər Nazirliyinin Silahların yayılmasının qarşısının alınması və nəzarət departamentinin direktoru Mixail Ulyanov ölkə mətbuatına bildirib.
Mixail Ulyanovun sözlərinə görə, indiki zamanda iştirakçı dövlətlər qarşısında qoyulan bu vəzifə aktual sayılmır: “Nüvə silahının qadağan olunması yalnız bütün dünyadakı nüvə arsenalının tam şəkildə məhv edilməsindən sonra mümkün ola bilər. Bundan başqa belə bir ideya daha çox romantik xarakter daşıyır və müasir gerçəkliklərə cavab vermir”.
Diplomatın fikrincə, bugünkü dünyada məhz nüvə silahı qlobal strateji sabitliyin təminatının əsas dayağı və çəkindirici gücüdür: “Əgər bu dayaq bir dəfəyə sındırılsa, o zaman dünyada sabitliyin qurulduğu bütün konstruksiya çökəcək”.
Rusiya ilə demək olar ki, bütün strateji sahələrdə toqquşan ABŞ bu məsələdə Moskva ilə həmrəylik nümayiş etdirir. ABŞ Milli Təhlükəsizlik Şurasının direktoru Kristofer Ford Vaşinqtonun nüvə silahının ləğvi barədə ideyalara qəti surətdə qarşı olduğunu bəyan edib. ABŞ rəsmisi ölkəsinin rəsmi mövqeyini ətraflı şəkildə izah etməsə də, bu qadağanın dünyada sülh və təhlükəsizlik işinə fayda gətirməyəcəyi fikrində olduğunu söyləyib.
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin də ölkəsinin uzun düşüncədən sonra Nyu-York müzakirələrinə qatılmayacağını açıqlayıb. Bundan başqa tədbirdə böyük nüvə “beşliyi”ndən savayı bu silaha malik İsrail, Hindistan, Pakistan və KXDR kimi dövlətlər də iştirak etməyəcək.
Bir çox ekspertin fikrincə, 113 dövlətin qatılımı ilə gerçəkləşəcək bu tədbir əslində formal xarakter daşıyacaq və dünyanın nüvə silahından təmizlənməsi fikri elə ideya olaraq qalmaqda davam edəcək.
“Dünyanın atom silahından imtina etməsinin vaxtı hələ gəlib çatmayıb. Onu qanuni və ya qeyri-leqal yollarla əldə edənlər bunun üçün on milyardlarla pul xərcləyiblər. Həmin dövlətlərin qoyduqları sərmayədən imtina etmək fikirləri yoxdur. Humanitar nöqteyi-nəzərdən ideya olduqca cəlbedicidir. Lakin reallığa istinadla yanaşılsa, onun yaşama qabiliyyəti yoxdur”, - deyə Rusiya Elmlər Akademiyası Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər institutunun prezidenti, akademik Aleksandr Dınkin qeyd edir.
Şərhlər