Tramp Obama dövrünə aid ətraf mühit nizamlamalarını ləğv edəcək
28.03.2017 11:59 Dünyadan reaksiya 1273
Ağ Ev rəsmiləri çərşənbə axşamı prezident Donald Trampın Obama dövrünə aid ətraf mühit nizamlamalarını ləğv edəcək yeni sərəncamlar imzalayacağını bildirir. Bu, iki partiya arasında insanların atdıqları addımların Yer kürəsindəki iqlimə necə təsir göstərdiyi ilə bağlı debatı qızışdıracaq. Bundan əlavə isə bu, on illərdir üzərində işlənilən qlobal iqlim razılıqlarının ləğv olunacağı ilə bağlı narahatlıqlara da səbəb olur.
Tramp dəfələrlə sələfinin iqlim siyasəti ilə bağlı narazılığını dilə gətirib. Seçki kampaniyası zamanı o, prezident Obamanın Təmiz Enerji Planını “axmaq” adlandırıb. Buna səbəb olaraq isə planın iş yerlərinin itirilməsinə gətirib çıxarmasını göstərib. Onun çərşənbə axşamı imzalayacağı sərəncamlarda Ətraf Mühitin Qorunması nazirliyinə (EPA) Təmiz Enerji Planındakı nizamlamarı nəzərdən keçirməsinə dair göstəriş veriləcək.
Trampın irəli sürdüyü 2018-ci il büdcəsində Ətraf Mühitin Qorunması Nazirliyinə 31 faizlik büdcə kəsiri nəzərdə tutulur. Buna iqlimlə bağlı araşdırmalara maliyyə dəstəyinin, demək olar, tamamən kəsilməsi daxildir.
Beynəlxalq təsir
Trampın ABŞ səlahiyyətini qlobal müəssisələrə həvalə edən sazişlərə qarşı ikrah hissi var. Bazar günü ABC kanalının This Week verilişində çıxış edən ətraf mühit naziri Skott Pruitt Paris razılığını “pis saziş” adlandırıb.
Pruitt həmçinin deyib ki, Təmiz Enerji Planını nəzərdən keçirməyin məqsədi Amerika sənayesini azad etməkdir.
Sərəncamın detalları ilə bağlı yayılan məlumatlar iqlim alilmlərinin qəzəbinə səbəb olub.
Kaliforniyada yerləşən Scripps Okeanşünaslıq İnstitutunun araşdırmaçı geofiziki Tim Barnett deyir ki, hətta Tramp tərəfdarı olaraq o da, Təmiz Enerji Planında yer alan nizamlamaların ləğv edilməsinin “səhv” olduğunu düşünür.
“Qlobal istiləşmə Demokratların və ya Respublikaçıların məsələsi deyil. Arktika və ya Antarktikada baş verənlərə nəzər salanda görürük ki, atmosferə kabon dioksin buraxmağa davam etməklə, okeanlardakı turşuluq artırıq”, o deyir.
Adətən Vaşinqtonda iqlim dəyişikliyi ilə bağlı fikirlər partiyaya görə dəyişir. Ağ Ev habelə Konqresin hər iki palatasının Respublikaçıların nəzarətinə keçməsi ilə Obama administrasiyası dövründə təcrid olunmuş iqlim skeptikləri artıq daha çox səsə sahibdirlər.
Amerikanın Səsinə müsahibə verən Penn State Universitetinin Yer Kürəsi Sistemi Araşdırma Mərkəzindən Maykl Mann deyir ki, Vaşinqtonda iqlim dəyişikliyinə inanmayan insanların profilinin artmasına səbəb Çarlz və Deyvid Kox kimi enerji sənayesində böyük maraqları olan insanlardır. Onlar mühafizəkar siyasi qrupların ən böyük ianəçiləridir.
“Tramp administrasiyası havanın çirkləndirilməsinə böyük maraqları olan şəxslərlə dolub. Bunlardan biri təbii ki, ExxonMobildir. Lakin ölkənin ən böyük özəl mədən yanacaqlarına sahib Kox qardaşlarının gündəmində bütün dövlət nizamlamalarını aradan qaldırmaqdır ki, onlar mədən yanacaqları satışlarından daha çox gəlir əldə edə bilsinlər.
İqlim skeptikləri də pulun elmi debatı təhrif etdiyi ilə razılaşır. Amma onlar iddia edir ki, milyonlarla dollar dəyərində dövlət qrantları uğrunda qızğın mübarizə alimlərin iqlim dəyişikliyinin təsirlərini şişirtmələrinə gətib çıxarıb ("Amerikanın səsi").
Reaksiya.az
Şərhlər