Tiflisdə Sona Vəliyevanın “İşığa gedən yol” romanının təqdimatı keçirilib - FOTOLAR
29.03.2017 19:59 Dünyadan reaksiya 1589
Reaksiya.az xəbər verir ki, Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi, “Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabiyə həsr olunan “İşığa gedən yol” romanının təqdimatı keçirilib. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan şöbəsinin rəhbəri Rafiq Hümmət açıb. O, əsərin ədəbi-bədii və tarixi məziyyətlərinə toxunaraq “İşığa gedən yol” romanının peşəkar qələmin məhsulu olduğunu bildirib. Hər bir gənc və jurnalist tariximizi yaxşı bilməlidir. Düşünürəm ki, bu əsər jurnalistika sahəsində çalışan qələm sahibləri və araşdırmalar aparan mütəxəssis alimlər üçün qiymətli nəsr əsəridir.
Sonra Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Sona Vəliyevanin yaradıcılığı ilə tanış olduğunu və onun müəllifi olduğu “İşığa gedən yol” romanının tədbirinin Tflisdə keçirilməsini alqışlayıb. O Zərdabinin həyatının öyrənilməsinin gərəkliyindən danışıb və müəllifə bu mövzuya müraciət etdiyi üçün öz təşəkkürünü bildirib. Mərasimdə çıxış edən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova Sona Vəliyevanı Gürcüstanda yaşayan soydaşlarımız yaxından tanıdıqlarını dilə aldı. Artıq Güecüstan elitası yazıçının həyat və yaradıcılığı ilə tanış olublar. Bu onun soydaşlarımızla ikinci görüşüdür. Tiflisdə yazıçının“Arazbarı” kitabının da təqdimatı keçirilib. Xanım Yusifova Həsən bəy Zərdabinin həyatının bir hissəsinin Tiflis mühiti ilə bağlı olduğunu bildirib: ““İşığa gedən yol” romanında H.B. Zərdabinin indiyə kimi hələ işıq özü görməmiş bir çox həyati məqamları üzə çıxarılıb. Əsərin dili rəvan və axıcıdır. Əsəri oxuyan oxucu sanki həmsöhbətilə söhbətləşir. Adətən, yazıçılar qələmə aldıqları tarixi əsərlərin dilini qəlizləşdirməyə çalışırlar. Sona Vəliyevanın qələmə aldığı əsər isə dil məziyyətləri mənalı və gözəldir. Kitab poliqrafiya tərtibatı baxımından da çox nəfisdi. “İşığa gedən yol” romanının gürcü dilinə tərcümə olunmasının vacibliyini dilə alıb.
Sonda Sevil Yusifova bildirdi ki, “fikrimcə, Sona Vəliyeva Tanrı tərəfindən seçilmiş ziyalılarımızdandı. Məhz Tanrının seçdiyi insan ona bəxş edilən müqəddəs missiyanı yerinə yetirərək həyatını işığa doğru istiqamətləndirən və ilahi missiyanı yerinə yetirən böyük mütəfəkkir, Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin həyatından məzmunlu tarixi bir roman ərsəyə gətirə bilər.”
Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev və Ruslan Hacıyev, , Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, şair Osman Əhmədoğlu, tərcüməçi Cambul Məmmədli,gənc yazıçı Kamran Kiryakov və başqaları roman haqqında və onun yazılış tarixi haqqında fikirlərini bildiriblər.Tədbirdə yazıçı Sona Vəliyevanın həyat və yaradıcılığı haqqında da ətraflı məlumat verilib.
Tədbirdə həmçinin gürcü və Azərbaycan tarixi dostluğundan, Azərbaycan və gürcü ədəbiyyatının inkişafından, yazıçılarımızın əsərlərinin gürcü dilinə tərcüməsindən də söhbət açılıb. Mərasimdə söz alan qocaman jurnalist Emin Elsevər “İşığa gedən yol” romanının gürcü dilinə tərcümə olunmasını öz üzərinə götürməyə hazır olduğunu deyib.
Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov, Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr və Tiflis azərbaycanlıları iştirak ediblər.
Şərhlər