"Sankt-Peterburq metrosundakı teraktın şübhəli Mərkəzi Asiyadandır"
04.04.2017 11:55 Dünyadan reaksiya 1486
Sankt-Peterburq şəhərində metro stansiyasında partlayış törədərək 11 nəfərin ölümünə səbəb olmaqda şübhəli bilinən kişi təxminən 23 yaşındadır və Mərkəzi Asiyadandır, - Rusiya mətbuatı yazır.
Bazar ertəsi günorta saatlarında iki metro stansiyası arasında baş vermiş partlayışda azı 45 nəfərin xəsarət aldığı bildirilir.
Hadisə zamanı 10 nəfərin həlak olduğu xəbər verilib. Daha sonra ölüm sayı 11-ə qalxıb.
Sankt Peterburq rəsmiləri tərəfindən 3 günlük matəm elan olunub.
İnterfaks and Tass xəbər agentlikləri bildirir ki, şübhəli şəxs artıq müəyyən edilib.
İnterfaks deyib ki, şübhəli radikal İslamla əlaqələrə malik olduğu ehtimal edilən Mərkəzi Asiyadan 23 yaşlı kişidir.
Xəbər agentliyi həmin kişinin intiharçı hücumda öldüyünü və qalıqlarından kimliyinin müəyyənləşdirildiyini yazır.
Amma prezidentin sözçüsü Dmitry Peskov partlayışın intiharçı tərəfindən törədilib-törədilməməsi barədə şərh verməyib.
Daha bir agentlik, Tass bildirib ki, partlayışın törədilməsində qadın da iştirak edə bilər.
Partlayış törədilən zaman şəhərdə olan Rusiya prezidenti Vladimir Putin bazar ertəsi axşam saatlarında hadisə yerini ziyarət edib.
Rusiya təhqiqatçıları hadisənin "terror aktı" olmasından şübhələndiklərini desələr də, bu barədə az məlumat veriblər.
Hadisəyə görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
Baş nazir Dmitri Medvedev Facebook-da partlayışın "terrorist hücumu" olduğunu yazıb.
Dünya liderləri partlayışı pisləyiblər. Almaniya kansleri Angela Merkel partlayışı "vəhşi akt" adlandırıb.
Ağ Ev bildirib ki, prezident Donald Trump cənab Putinlə telefonda danışıb və ona günahkarların məsuliyyətə cəlb olunması üçün "tam dəstək" təklif edib.
Sankt Peterburq şəhərinin metro sistemi gündəlik 2 milyondan çox insan tərəfindən istifadə edilir
Gündəlik 2 milyondan çox insanın istifadə etdiyi Sankt-Peterburq şəhərinin metro sistemi bundan əvvəl hücuma məruz qalmayıb.
Lakin Rusiyada bir neçə nəqliyyat qovşağı hücuma məruz qalıb. 2010-ci ildə Moskva metrosunda iki intiharçı hücum nəticəsində 38 nəfər həlak olub.
Bir il sonra, Moskva və Sankt-Peterburq arasında gedən sürətli qatarda bomba partlayıb və 27 nəfər ölüb, 130 nəfər xəsarət alıb.
Hər iki hücuma görə məsuliyyəti İslamçı qruplar üzərinə götürüb (BBC).
Sankt-Peterburqda 11 nəfərin ölümü, 50 nəfərin yaralanması ilə nəticələnən teraktla bağlı şübhəli bilinən 22 yaşlı gəncin pasport fotosu yayılıb.
Milli.Az "Mirror"a istinadla bildirir ki, Rusiyanın bəzi mətbuat orqanlarının yazdığına görə, terroru törədən kamikadze Rusiya vətəndaşı olan qırğızdır.
İnterfax-ın məlumatına görə, adı Əkbərcan Cəlilov olan şübhəli 1995-ci il təvəllüdlüdür.
Bundan əvvəl isə təhlükəsizlik kamerasına düşən iki şübhəlinin görüntüsü yayılıb. Birinci şübhəlinin görüntülərində qırmızı gödəkçə geyinən eynəkli gəncin belində çanta ilə gəzməsi əks olunub.
İkinci şübhəli isə uzun saqqalı olan orta yaşlı kişidir. Lakin o, özü polis məntəqəsinə gələrək hadisə ilə əlaqəsinin olmadığını söyləyib.
Qeyd edək ki, dünən onun təhlükəsizlik kamerasına düşən görüntüsü "Ren TV"də "Sankt-Peterburqu qana bulayan terrorçunun fotosu" başlığı ilə yayılıb.
Şərhlər