Stokholmdakı terror aktında şübhəli bilinən şəxs İŞİD ilə əlaqəli olub
10.04.2017 12:45 Dünyadan reaksiya 1233
İŞİD Özbəkistan vətəndaşı, 39 yaşlı Rahmat Akilova Stokholmda terror aktı həyata keçirməyə əmr edib.
Apa-nın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu İsveç polis idarəsinin rəisi Yonas Hayzinq deyib.
“Biz onun ekstremist qruplaşmalara simpatiya bəslədiyini bilirik. Rahmat Akilovun idarə etdiyi yük maşının içində partlayıcı qurğunun hazırlanmasında istifadə oluna biləcək müxtəlif kimyəvi, alışqan maddələr aşkar edilib. Stokholmun şimalında Akilovun gizləndiyi mənzildə axtarış zamanı ona qarşı istifadə oluna biləcək 70-ə yaxın rəqəmsal dəlil tapılıb”, - deyə o vurğulayıb.
R. Akilov 2014-cü ildə İsveçdə sığınacaq almaq üçün müraciət edib, lakin keçən ilin sonunda ona rədd cavabı verilib. Qərardan sonra ölkəni dörd həftə ərzində tərk etməli olan R. Akilov bunun əvəzində gizlənməyi üstün tutub. Hakimiyyət orqanları məcburi şəkildə deportasiya etmək üçün onu axtarışa verib.
Xatırladaq ki, aprelin 7-də İsveçin paytaxtında sürücü yük maşınını piyadaların üstünə sürüb, nəticədə 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
Qeyd edek ki, Stokholmdakı terror aktı ilə əlaqədar İsveçin Azərbaycandakı səfirliyində dövlət bayrağı yarıya qədər endirib.
Bu barədə səfirlikdən məlumat verilib.
Məlumatda deyilir ki, cümə günü baş vermiş terror aktından sonra şənbə günü İsveçdə matəm elan olunub. Bununla əlaqədar bazar ertəsi Bakı vaxtı ilə saat 14:00-dək səfirlik binasındakı bayraq yarıya gədər endirilib. Saat 14:00-da isə bir dəqiqəlik sükut elan olunacaq.
Şərhlər