SIPRI: 2016-cı ildə dünya üzrə hərbi xərclər 1,7 trilyon dollara çatıb
24.04.2017 12:48 Dünyadan reaksiya 1264
2016-cı ildə dünya üzrə hərbi xərclər 1,686 trilyon dollara çatıb.
"Report" xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yeni hesabatında deyilir.
Hesabatda göstərilib ki, bu cür artım xərclərin 1,699 trilyon dollara çatmaqla ən yüksək həddə yüksəldiyi 2011-ci ildən bəri ilk dəfə müşahidə olunur.
Eyni zamanda, hərbi xərclərin artım və ya azalma tendensiyası regionlar arasında xeyli dəyişir. ABŞ-ın hərbi xərcləri yenidən artıb. Səudiyyə Ərəbistanının silahlanma xərcləri isə əhəmiyyətli dərəcədə azalıb.
Hesabatda ABŞ-ın dünyanın ən yüksək illik hərbi xərci olan ölkəsi olaraq qaldığı qeyd olunur. 2016-cı ildə ABŞ-ın hərbi xərcləri 2015-ci illə müqayisədə 1,7% artaraq 611 milyard dollar təşkil edib. Reytinqdə ən çox hərbi xərci olan ikinci ölkə Çindir: bu ölkənin hərbi xərci 2016-cı ildə bir il əvvəllə müqayisədə 5,4% artaraq 215 milyard dollara çatıb. Lakin hərbi xərclərin artım tempi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Rusiya 2016-cı ildə hərbi xərcləri 5,9% artıraraq 69,2 milyard dollara çatdırıb və ən yüksək hərbi xərcli ölkələrin siyahısında üçüncü sırada qərarlaşıb.
Hesabatda, həmçinin neft ixrac edən ölkələrdə hərbi xərclərin azaldılması vurğulanır. Belə ki, 2016-cı ildə Venesuela (-56%), Azərbaycan (-36%), İraq (-36%) və Səudiyyə Ərəbistanında (-30 %) hərbi xərclər azaldılıb.
Səudiyyə Ərəbistanı 2015-ci ildə ən böyük hərbi xərcləri olan üçüncü ölkə idisə, 2016-cı ildə dördüncü mövqeyə düşüb. Ötən il ölkənin hərbi xərcləri 30% azxalaraq 63,7 milyard dollar təşkil edib.
Eyni zamanda, Ekvador, Qazaxıstan, Meksika, Oman və Peruda da əhəmiyyətli azalma müşahidə edilib.
Şərhlər