Ərdoğan: "ABŞ və Rusiya Şəngal əməliyyatı barədə məlumatlandırılmışdı"
26.04.2017 13:11 Dünyadan reaksiya 1386
Prezident Rəcəb Tayyip Ərdoğan Türkiyənin İraqın Şəngal (Sincar) bölgəsinə və Suriyanın şimal-şərqindəki Karaçok dağı bölgələrində keçirilmiş hava əməliyyatları barədə ABŞ, Rusiya və İraqın Kürdüstan Regional Rəhbərliyinə (IKRR) məlumat verildiyini deyir.
Reuters xəbər agentliyinə geniş müsahibə verən prezident Ərdoğan söyləyib ki, "bu ərazilər silah-sursatın toplandığı yerlərdir. Bu Amerika tərəfinə da bildirilib, Rusiya tərəfinə də. Buralarda yaranan təhdidi ortadan qaldırmağa yönəlmiş belə bir əməliyyatımız olacaq deyilib".
Əməliyyatın "qətiyyən Peşmərgə qüvvələrini hədəfləmədiyini" bildirən Ərdoğan əlavə edib:
"Oradakı hədəflər 100 faiz düz vurulub. Ancaq bizə 5-6 peşmərgənin ölməsi barədə məlumat gəlib. Bu, əlbəttə, bizim üçün arzu edilməyən bir məsələ idi".
Ərdoğan həmçinin, İKRR rəhbəri Məsud Bərzaninin də əməliyyatın baş verəcəyi barədə "daha əvvəl məlumatlandırıldığını" deyib.
Ərdoğan, həmçinin "Sincarda təxminən 2 min PKK üzvü olduğunu" qeyd edib və Suriyanın şimalında da əməliyyatların davam edəcəyini ifadə edib.
2014-cü ildə özünü İslam Dövləti adlandıran qrup tərəfindən zəbt edilməzdən əvvəl Şəngalı İKRR idarə edirdi. Lakin İD bölgəyə gəldiyi zaman 8 minlik peşmərgə bu əraziləri döyüşsüz tərk etmişdi.
2015-ci ilin noyabrında peşmərgə ilə yanaşı PKK, YPG, YPJ və YBŞ birlikdə təxminən 7 min 500 silahlıdan ibarət olan bir qoşunla Şəngalı İŞİD-dən geri alıb. Həmin vaxtdan bu ərazidə PKK üzvləri də mövcuddur.
Müsahibədə Ərdoğan həmçinin Suriyadakı proseslərə toxunub. O qeyd edib ki, Türkiyənin mövqeyində heç bir dəyişiklik yoxdur və prezident Bəşər Əsəd hakimiyyətdən getməyincə hər hansı bir siyasi həll mümkün deyil:
"Suriyanı bu hala gətirən odur. Dövlət terroru törədən odur. Seçki keçirilsin sandıqdan kim çıxsa, başımız gözümüz üstə deyək, işi bitirək."
Suriya hökumətinin daxili müharibədə ən mühüm müttəfiqi olan Rusiya prezidenti Vladimir Putinin də Əsəd mövzusunda narahat olduğunu ifadə edən Ərdoğan qeyd edib ki, "Cənab Putin hətta mənə bu ifadəni deyib: "Ərdoğan, məni yanlış anlama, mən Əsədin vəkili deyiləm". Bunu mənə cənab Putin deyib."
Prezident Ərdoğan onu da əlavə edib ki, prosesə Putinlə yanaşı, Donald Trump, Qətər, Səudiyyə Ərəbistanı və İran da dəstək verə bilər, "lakin yekun qərarı Suriya xalqı verməlidir" (BBC).
Şərhlər