Rusiyanın böyük strategiyası nədən ibarətdir?

04.05.2017 20:43     Dünyadan reaksiya     1260

Rusiya hökuməti ölkələrin xarici siyasətində öz tələbatlarına uyğun beynəlxalq düzən qurmağa çalışır

Rusiya böyük və çoxşaxəli hədəflərə malik bir dövlətdir. Moskva həmişə öz strategiyasını uzaq zaman və məsafələr kəsimində tərtib etməyi sevir. Buna uyğun olaraq isə öz taktikasını həyata keçirir.

Rusiyanın Suriyada apardığı müharibəni də bu konteksdən gözdən keçirmək lazımdır.

“Rusiyanın Suriyada açıq şəkildə apardığı müharibə onun böyük strategiyasını anlamaqla bağlı cəhdləri gücləndirib”, - ABŞ-ın milli təhlükəsizlik sahəsində ekspertlərindən biri hesab olunan Endi Ekin “Washington Post”a yazır.

Müəllif Kremlin 2015-ci ildə “Rusiya Federasiyasının milli təhlükəsizlik strategiyası” (“MTS-2015”) adlı sənəd dərc etdiyini xatırladır. Endi Ekinə görə, Rusiyanın böyük strategiyası Moskva üçün əlverişli sayıla biləcək beynəlxalq birliyin yaradılmasını nəzərdə tutur.

“Putin Rusiyanın “böyük strategiya”sını hər yerdə afişa etmir, lakin Rusiyanın xarici siyasi təşəbbüsləri həmin strategiyanın hədəfləri barədə müəyyən aydın təsəvvürlər oyatmağa imkan verir”, - müəllif yazır.

Ekinə görə, Rusiyanın başlıca 4 hədəfi var:

1. Qərb institutlarının dəf edilərək çoxqütblü dünyanın yaradılması

“MTS-2015” -ə görə, Rusiya dövləti təkbaşına qlobal güc mərkəzinə çevrilməyə can atmır”, - müəllif yazır. “Sadəcə, Rusiya digər qüdrətli aktyorların Rusiya dövlətinə hörmət etməsinə nail olmaq istəyir.
Buna görə də “MTS-2015-də daima “çoxqütblü” dünya düzəninin yaradılması və dəstəklənməsi sözləri yer alıb.

“Qərb institutularının beynəlxalq təsirinin və əhatəsinin azaldılması Rusiya üçün polimərkəzçi (çox mərkəzçi-red.) dünyanın qurulması yolunda məhək daşıdır” - yazı müəllifi qeyd edir.

2. Bazarların açılması və sanksiyaların ləğvi.

“Krımın işğalından sonra Qərbin tətbiq etdiyi sanksiyaların qalması Rusiyanın öz enerji ehtiyatlarının və silahlarının ixracatı üçün bazarların genişləndirməsi yolunda böyük əngəl törədir”.

3. Regional hakimiyyət və gücün proyeksiyası

2014-cü ilin martında Putin Rusiya xarıcıində yaşayan rusların müdafiəsi kursunu bəyan etdi. Burada əsas hədəf Rusiyanın protektoratlarla və marionet dövlətlərlə əhatələnərək özünü xarici təhdidlərdən qorumasından ibarətdir.

4. Rəsmi olmasa da əlavə hədəf kimi, loyallığın satın alınmasıdır.

“Putin rejiminin əsas xarakterik xüsusiyyətlərindən biri də dövlət vəsaitlərinin ayrı-ayrı fiziki şəxslərə verilməsindən ibarətdir”,- müəllif yazır:
“Bu tip rejimlərdə loyallığa görə mükafat olaraq dostlara əlverişli müqavilələrin verilməsi, dostlar və qohumlar arasında dövlət layihələrindən “otkat”larla bağlı saziş təklif edilməsi standart praktika halını alıb.

Beləliklə, Putinin tükənməz hakimiyyətinin, (daha doğrusu, Rusiyanın böyük strategiyasının) əsasında dostlar və müttəfiqlər arasında bölüşdürüləcək qədər kapitala malik olması durur.

Beynəlxalq güclərin və Rusiya müxalifətinin Putinin himayə sisteminə müqavimət cəhdləri bu səbəbdən rejim tərəfindən süngü ilə qarşılanır”.

Bütün bunlar Putin rejiminin əsasən korrupsiyaçı, avtoritar hakimiyyətləri müdafiə etməsini çox gözəl açıqlayır.

Müəllfin fikrincə, bu Rusiyanın beynəlxalq təşkilatlar, demokratiyanın yayılması və insan hüquqlarının müdafiiəsi əsasında duran beynəlxalq birliyə meydan oxumasını da izah edir.

Rusiya hökuməti ölkələrin xarici siyasətində mənəvi dəyərləri deyil, sadəcə, öz tələbatlarını rəhbər tutduğu beynəlxalq düzən qurmağa çalışır.

“Burada ABŞ və onun qərbdəki müttəfiqlərinin Rusiyanın yeni “Böyük strategiya”sına qarşı hansı səviyyədə duruş sərgiləmək qabiliyyətləri ortaya çıxacaq. Bunun üçün Qərb Suriyada öz səylərini gücləndirməlidir”, - müəllif yazını yekunlaşdırıb.

Şərhlər