Ərdoğan yenidən AKP-nin başına döndü
22.05.2017 07:20 Dünyadan reaksiya 1676
Bu gün Türkiyənin iqtidar partiyası olan AK Partinin 3-cü, fövqəladə qurultayı öz işinə rəsmən start verib.
Bu barədə qurultayda iştirak edən Rauf Arifoğlu musavat.com-a məlumat verib. Bundan əvvəl onun məlumat və fotoları əsasında qurultayın keçirildiyi "Arena" salonundan reportaj təqdim etmişdik.
Qurultay yoxlama, divan seçkisi, sayğı duruşu və İstiqlal marşının oxunması ilə başlanıb. AK Partiya başqanı və baş nazir Binali Yıldırımın çıxış edəcəyi qurultayda başqan və digər mərkəzi orqanlara üzvlüyə namizədlər divan rəhbərliyinə müraciət edib.
Daha sonra dəyişiklik təklifi müzakirə olunaraq səsverməyə çıxarılıb, ardınca isə başqan namizədi partiya üzvlərinə müraciət edib. Başqan seçimi ilə davam edəcək qurultayda bir çox komissiyaların üzvlərinin seçkisi də baş tutub. Qurultay partiya rəhbərinin təşəkkür nitqi ilə yekunlaşıb.
Musavat.com Türkiyə və region üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu tarixi hadisənin gedişini həssaslıqla izləyib və onu oxucuları üçün canlı yayında təqdim edib.
Eyni zamanda, qurultayın işini izləyən "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arioğlunun məlumatları, fotoları da reportajlara əlavə edilib.
*****
Qurultayda Türkiyənin prezidenti R.T.Ərdoğan və həyat yoldaşı Beştepedən qurultayın keçirildiyi salona gəlib. Salonun xaricində baş nazir Binali Yıldırım və onun həyat yoldaşı çiçəklərlə qarşılanıb. Ərdoğan və Yıldırım birlikdə hazırlanan avtobusun üstünə çıxıb, partiya üzvlərini salamlayıblar. İlk olaraq baş nazir B.Yıldırım “Həsrətin qovuşmağa çevrildiyi günü yaşayırıq. Xoş gəldiniz, hörmətli liderim” deyə səslənib.
Daha sonra isə prezident Recep Tayyib Ərdoğan mikrafonu alaraq, qısa bir çıxış edib. Ərdoğan “998 gün öncə feli bir ayrılığımız vardı, bu gün yenə bərabərik” deyən Ərdoğanın çıxışının qısa özəti belədir: “Gecə-gündüz yürüməyə davam edəcəyik. Əmanəti bu günlərə qədər daşıyan könül yoldaşım Binəli Yıldırım bəyə təşəkkür edirəm. Üzərimizdəki spekulyasiyalara yenə seçki sandığında cavab verəcəyik. Dayanmaq yoxdur, çalışacağıq”.
Qurultay öz işinə başlayaraq, ilkin prosedurlar həyata keçirilib.
*****
AK Partiyanın 3-cü fövqəladə böyük qurultayında Aşıq Veysəl Şatıroğlu, Tarkan və Barış Mançonun səsindən “Uzun, incə bir yoldayam” mahnısı ilə R.T.Ərdoğanın həyatından bəhs edən qısa bir sənədli film partiya üzvlərinə təqdim edilib. Sənədli filmin sonunda Ərdoğan ‘Yetişmek için menzile gidiyorum gündüz gece’ mısralarını oxuyub. 'Yeni Atılım Dönemi' olaraq qiymətləndirilən yeni dönəm demokratiya, reforma dəyişikliyi, azadlıq, inkişaf və rifah başlıqları ilə də paylaşılıb.
Qurultayın keçirildiyi zalda "Yürüyeceksin... Gençler yürüyecek arkandan", "Millete efendilik için değil, millete hizmet için varız", "Hep birlikte yeni hedeflere", "Değişimin lideri, milletin partisi", "Kutlu dava, güçlü Türkiye", "Sağlam irade, güçlü Türkiye" plakatları asılıb. “FETÖ, PKK; DAEŞ topunuz gelin', 'Güven demek, vefa demek, can demek, Erzincan demek', 'Değişimin lideri, milletin partisi' plakat və afişaları da xüsusi diqqət çəkib.
*****
R.T.Ərdoğanın səsverməyə təqdim ediləcək “A takımı” (A komandası) öncədən bəlli idi. Səsverməyə təqdim ediləcək idarə heyəti siyahısında isə 19 yeni ad olub.
Həmin siyahı aşağıdakı kimidir: Binali Yıldırım, ABDülhamit Gül, Ahmet Sorgun, Ali Aydınlıoğlu, Asuman Erdoğan, Bekir Bozdağ, Berat Albayrak, Burhan Kuzu, Bülent Karakuş, Cahit Özkan, Cevdet Yılmaz, Çiğdem Karaaslan, Efkan Ala, Erol Kaya, Ethem Sancak, Fatih Şahin, Fevzi Şanverdi, Hacı Ahmet Özdemir, Hamza Dağ, Harun Karacan, H. Kübra Öztürk, Hayati Yazıcı, İbrahim Halil Yıldız, İsa Sinan Göktaş, E. Emrah Karayel, Jülide Sarıeloğlu, Mahir Ünal, Markar Esayan, Mehmet Emin Yılmaz, Mehmet Mehdi Eker, Mehmet Muş, Murat Baybatur, Mustafa Ataş, Mustafa Köse, Mustafa Savaş, Mustafa Şentop, Mustafa Yel, Nurettin Canikli, Öznur Çalık, Ravza Kavakçı Kan, Recep Uncuoğlu, Rumeysa Kadak, Süleyman Soylu, Tamer Dağlı, Vedat Demiröz, Yasemin Atasever, Zeki Aygün, Zelkif Kazdal, Zeyid Aslan, Zeynep Alkış.
*****
Prezident R.T.Ərdoğan nitqində yeni dönəmə aid ilk 6 ayda atılacaq addımlarla bağlı mesajlar verib. R.T. Ərdoğanın mesajlarında daxili siyasətlə yanaşı, Avropa Birliyi və ABŞ-la ilkin təmasların ardınca Ağ Evlə münasibətlərə dair yeni "yol xəritəsi", xarici siyasət hədəflərinin reallaşdırma müddəti ilə bağlı yeni bir planın detalları yer alıb. R.T.Ərdoğan eyni zamanda iqtisadiyyatda atılacaq addımlar və islahat paketləri, məclis çalışmaları, eləcə də siyasi addımlarla bağlı da danışıb.
*****
Baş nazir Binəli Yıldırım da AKP-nin 3-cü fövqəladə qurultayında kürsüyə çıxıb.
O, çıxışında aşağıdakıları deyib: “Budur, gözlənən, özlənən an gəldi. Xoş gəldin, hörmətli cumhurbaşqanım. 998 gün boyunca bizi mənəvi olaraq əsla yalnız buraxmadınız. Dəstəyiniz üçün təşəkkürlərimizi bildiririk. Nə mutlu ki, Rəcəb Tayyip Ərdoğanın yol yoldaşlarıyıq” .
AKP-nin başqanlığına R.T.Ərdoğanın namizədliyi 1370 nəfər nümayəndənin imzası ilə alternativsiz olaraq irəli sürülüb.
*****
Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan AKP-nin 3-cü fövqəladə böyük qurultayında çıxış edib.
Musavat.com AKP-nin qurumlarına təşəkkür edən Ərdoğanın nitqindən bəzi önəmli detalları nəzərinizə çatdırır: “Sizləri səmimi hisslərimlə, həsrətlə, məhəbbətlə salamlayıram. Allahın salamı, rəhməti, bərəkəti hamınıza nəsib olsun. Partiyamızın 3-cü fövqəladə böyük qurultayının bütün dostlarımız üçün xeyirlərə vəsilə olmasını arzu edirəm. Ankaraya xoş gəldiniz, deyirəm. AKP-də vəzifə almış şəxslərə, quruculara, nazirlərimizə, millət vəkillərimizə, bölgə rəhbərlərimizə, bələdiyyə sədrlərimizə, üzvlərimizə, kənd, məhəllə təmsilçilərimizə, eləcə də burada adını çəkə bilmədiyim bütün könüldaşlarımıza təşəkkürlərimizi ifadə edir, hər birini ayrı-ayrı salamlayıram.
Xanımlar, sizlərə də ayrı bir müraciətim olacaq. Türkiyədə xanımları siyasətin əsas ünsürü halına gətirmiş bir partiyanın qurucusu olaraq ilk gündən bəri, siz bacılarımla bərabər yol getmənin məmnunluğu ilə təşəkkürlərimi təqdim edirəm. Sizlərin əməyinin bu partiya üçün nə qədər vacib olduğunu çox yaxşı bilirəm və hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. AK Partiya yolu da, taleyi də ölkəmizlə, millətimizlə bütünləşmiş bir partiyadır.
Bizim rahatlığımız üçün vəzifə başında olan polislərimizə təşəkkür edirəm. Terror təşkilatları ilə mübarizəmizə vacib bir qatqısı olan qoruyucularımıza təşəkkür edirəm. Hansı qurumda, harada vəzifəsini edirsə etsin, millətimizin böyüməsi üçün əmək sərf edən bütün qardaşlarıma təşəkkür edirəm.
Təbii ki, ən böyük təşəkkürü 80 milyonluq millətimiz haqq edir. Bizə dəstək verdiyi, ən çətin zamanda belə, yanımızda yer aldığı üçün millətimin hər bir fərdinə ürəkdən təşəkkür edirəm. 19 mayı geridə qoyduq, 8 gün sonra İstanbulun fəthinin 564-cü ildönümünü keçirəcəyik. Süleyman Şahdan Osman Qaziyə, Fatih Sultan Mehmet Xandan, Qazi Mustafa Kamala qədər bütün bu dəyərli isimləri rəhmətlə yad edirəm.
“Hər son yeni bir başlanğıcdır” deyərək ayrılmışdıq. Bu, sadəcə hüquqi bir ayrılıq idi. Könüllərimiz heç bir zaman ayrı düşmədi. Sevinclərimizi, kədərlərimizi hər zaman tək ürək, tək qəlb olaraq yaşadıq. Yeni bir başlanğıca başlayırıq. Tam 998 gün sonra yenə eyni salonda “Harada qalmışdıq” deyərək, yenidən bir aradayıq”.
***
Sonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qurucusu olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayında 1414 səslə partiyanın başqanı seçilib.
Bu il aprelin 16-da qəbul edilən Konstitusiyaya əlavə və dəyişikliklər prezidentə partiya üzvü və partiya sədri olmaq hüququ verib.
Mayın 2-də R. T. Ərdoğan 33 ay sonra yenidən AKP-nin üzvü olub. Bu gün isə R. T. Ərdoğan1414 səslə 998 gün sonra yenidən AKP başqan seçilib.
Reaksiya.az
Şərhlər